Son yeniləmə: 25 May 2026
BAYRAQDAR MEDİA – 1918-ci ilin 28 mayı… Təkcə bir cümhuriyyət dövlətinin doğulduğu gün!
28 May – bir millətin öz taleyinə yiyə durmaq iradəsinin, bir coğrafiyanın əsarət zəncirlərini qırmaq əzminin, bir mədəniyyətin yenidən dirçəliş çağırışının tarixə yazıldığı gün!
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə islam gündoğarında ilk demokratik respublikası quruldu. Bu hadisə bütün Gündoğar aləmi üçün yeni siyasi düşüncə modelinin doğuluşu idi. O çağda imperiyalar dağılır, xəritələr dəyişir, uluslar öz kimliyini axtarırdı. Bakıdan yüksələn istiqlal səsi isə bir başqa anlam daşıyırdı:
Türk və müsəlman toplumları yalnız idarə olunan durumda qalmayacaq, idarə edən olacaq; yalnız tarixi yazılan olmayacaq, yenə (və yenidən!) tarix yazan olacaq!
Cümhuriyyət qurucuları bunu bilir, görürdü. Onların düşüncəsindəki Azərbaycan sadəcə coğrafi məkan ola bilərdimi? Azərbaycan həm də bir mədəniyyət körpüsü, Türk dünyasının mənəvi-siyasi qovşağı idi.
– Cümhuriyyət qurucuları çox yaxşı bilirdi. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” fikri istiqlal romantizmindən yuxarı hafisəydi – bu, gələcəyə ünvanlanmış dövlətçilik açıqlaması idi.
O gün qurulan Cümhuriyyət, çox təəssüf, qısaömürlü oldu – yaşasaydı daha fərqli gedişatımız olardı; lakin cümhuriyyət idealı, ideyaları ölmədi.
Bəlu, bəzi dövlətlər tarixdə yaşayır, bəzi dövlətlər isə tarixin içində gələcəyə çevrilir.
Sovet əsarəti illərində də 28 May ruhu ulusun yaddaşından silinmədi. O ruh bəzən pıçıltı oldu, bəzən şeirə çevrildi, bəzən sazımızın telində yaşadı, bəzən sürgün anılarında…
Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam;
Elə bir dərd varmı çəkməmiş olam,
Bax, onlar ağartdı başımı mənim.
– Aşıq Mikayıl Azaflının sözüdür.
yaxud Aşıq Əkbər Cəfərov deyirdi:
Sancıldım yurduma, göyərdim, bitdim,
Boy atdım, böyüdüm, məclisə getdim;
Mən sazı özümə havadar etdim,
“Aşıq, bizə çal “Kərəmi”…” dedilər…
Qəm havası, dərd rüzgarı keçdi, nəhayət, XX yüzilin sonlarında Azərbaycan yenidən öz istiqlalına qovuşdu, dövlət müstəqilliyini bərpa etdi.
Amma tarix bununla bitmədi.
Əslində, 28 Mayın gerçək miqyası Azərbaycanın müstəqilliyini ikinci dəfə qazandıqdan sonra daha aydın görünməyə başladı. Çünki müstəqilliyin yalnız bayraq qaldırmaq olmadığını bilirik; bilirik, o bayrağın kölgəsində güclü dövlət qurmaq şərəfli olduğu qədər də məsuliyyətlidir.
Qalib Azərbaycan 1918-ci ilin siyasi idealının XXI yüzildəki qüdrətli davamıdır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan geniş Avrasiya coğrafiyasının önəmli siyasi aktoruna çevrilib. Cümhuriyyətin yarımçıq qalan arzuları artıq qalib dövlət iradəsi ilə tamamlanır. – 44 günlük müharibə, antiterror tədbirləri və suverenliyin tam bərpası bunu aydın göstərdi.
İndi Azərbaycan təkcə öz sınırlarını qorumur; o, həm də böyük bir mədəni-siyasi məkanın – Türk dünyasının strateji gələcəyinin ən fəal memarlarından biridir.
Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” fikri artıq çoxdan siyasi şüarı aşaraq geosiyasi gerçəkliyə çevrilib. Bu yanaşma yalnız tribunadan səslənən çağırış olmayıb, öz miqyadını, yaşam gücünü enerji layihələrində, daşımalar dəhlizlərində, ortaq təhlükəsizlik platformlarında, ortaq əlifba təşəbbüslərində, mədəniyyət və təhsil proqramlarında, beynəlxalq təşkilatların fəaliyyətində göstərir.
Türk Dövlətləri Təşkilatı artıq ortaq gələcək düşüncəsinin siyasi institusionallaşmasıdır. Bakıdan Türküstana, Şuşadan Daşkəndə, Ankaradan Bişkekə uzanan xətt ortaq yaddaşın, ortaq iradənin, ortaq yığvalın xəttidir.
Əgər 1918-ci ilin Azərbaycanı istiqlalın çırağını yandırdısa, bugünkü Azərbaycan o çırağı böyük bir türk coğrafiyasının gələcək yoluna çevirir.
“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə!”
Bu gün 28 Maya baxarkən, 108 illik yolun nə qədər ağır, nə qədər şərəfli və nə qədər qutsal olduğunu bir daha anlayırıq.
Bir zamanlar işğal altına düşən Şuşada, Xankəndidə bu gün beynəlxalq zirvələr keçirilir.
Bir zamanlar varlığı sorğulanan Azərbaycan bu gün dünyanın enerji, diplomatiya və təhlükəsizlik xəritəsində önəmli söz yiyəsidir.
Bir zamanlar “kiçik xalq” kimi görünən ulusumuz bu gün böyük coğrafiyaların siyasi ritmini müəyyən edən gücə çevrilib.
Bu, qətiyyən təsadüf deyil.
Bu, 28 May ruhunun yüz ildən artıq davam edən yürüşüdür.
Cümhuriyyət yalnız keçmiş ola bilərmi? Cümhuriyyət – davam edən məsuliyyətdir. Cümhuriyyət – milli iradənin siyasi formasıdır. Cümhuriyyət – azadlıqla dövlət ağlının qovuşduğu ulu zirvədir.
Bu gün Azərbaycan bayrağı Qarabağın göylərində dalğalanırsa, Türk dünyası ortaq gələcək haqqında daha inamla danışırsa, Bakı qlobal platformalarda güvənli söz yiyəsi kimi qəbul olunursa – deməli, 1918-ci ildə qaldırılan o bayraq həqiqətən də bir daha enməyib.
“Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”. Prezident İlham Əliyev bu sözləri Türk Dövlətləri Təşkilatının Qazaxıstanın Türküstan şəhərində mayın 15-də keçirilən Zirvə görüşündə deyib.
28 May – ulusun özünə verdiyi sözdür. O söz yaşayır, yaşadır və əlbəttə, yaşayacaqdır!






İlk şərhi yaza bilərsiniz