Press "Enter" to skip to content

Əminə xanım və “Kür”ün unudulmayan illəri

75 yaşlı Əminə Əhmədovanın “Təşəbbüs”dən “Kür”ə uzanan ömür yolu müstəqillik dövrü Yevlax mətbuatının formalaşmasında və region jurnalistikasının yaddaşında silinməz iz qoyub

BAYRAQDAR MEDİA – Bu danılmaz bir həqiqətdir ki. həyatda uğur qazanan hər bir insanın arxasında həm də onun taleyinə istiqamət verən güclü bir dəstək dayanır. Bu dəstək heç də hər zaman maddi imkanlarla ölçülmür. Bəzən bir insanın taleyini dəyişən ən böyük güc ona verilən mənəvi dayaq, doğru zamanda deyilən bir xoş söz, atdığı ilk addımlarda hiss etdiyi inam və göstərilən etimad olur. İnsan həyatında belə dayaq nöqtələri rolunu çox zaman ailə, valideynlər, müəllimlər oynayır. Amma elə insanlar da var ki, onlar təkcə müəllim kimi deyil, bütöv bir həyat yolunun formalaşmasında mühüm rol oynayan şəxsiyyətlər kimi həyatımızda dərin iz buraxırlar.

O, eyni zamanda bir yolgöstərən, bir ziyalı missiyasını yerinə yetirirdi

Mənim – Əməkdar jurnalist Nadir İsmayılovun (Nadir Azərinin) peşə fəaliyyətində xüsusi rol oynayan belə insanlardan biri Əminə Yusuf qızı Əhmədovadır. Bu gün geriyə dönüb baxanda anlayıram ki, mənim jurnalistika sahəsində ilk addımlarımın atılmasında, bu peşəyə bağlanmağımda və özümə inanmağımda Əminə xanımın xüsusi rolu olub.

Müxtəlif müsahibələrimdə, yazılarımda və çıxışlarımda dəfələrlə qeyd etmişəm ki, Yevlaxda fəaliyyət göstərən “Təşəbbüs” və daha sonra “Kür” qəzetləri bir çox istedadlı gənc kimi mənim üçün də bir məktəb, bir həyat platforması idi. Həmin redaksiya sadəcə informasiya məkanı deyildi, eyni zamanda gənclərin sözünü deməsinə, düşüncəsini ifadə etməsinə və cəmiyyətə təqdim olunmasına imkan yaradan mühüm bir tribuna idi.

Əminə xanımın ilk işi hər səhər qəzetləri oxumaqdır
Əminə xanımın ilk işi hər səhər qəzetləri oxumaqdır

Bu yazı həm Əminə xanımın 75 illik yubileyinə bir ehtiram, həm də onun həyat və fəaliyyət yoluna, Azərbaycan region mediasında qoyduğu izə və bir nəslin formalaşmasında oynadığı rola qısa bir nəzərdir.

Məlumat üçün qeyd edək ki, Əminə Yusuf qızı Əhmədova 1951-ci il iyunun 1-də Yevlax şəhərində anadan olub. 1968-ci ildə Mirzə Fətəli Axundov adına 1 nömrəli orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red.) jurnalistika fakültəsində davam etdirib və 1975-ci ildə ali təhsilini uğurla başa vurub. Onun jurnalistika fəaliyyəti də məhz həmin illərdən başlayıb. 1976-cı ildən Yevlaxda nəşr olunan “Təşəbbüs” qəzetində ədəbi işçi və şöbə müdiri kimi çalışan Əminə xanım sonralar taleyini bütövlükdə bu mətbuat orqanına bağlayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra “Təşəbbüs” qəzetinin davamı kimi fəaliyyət göstərən “Kür” qəzetinin formalaşması və inkişafında da Əminə xanımın xüsusi rolu olub. 1991-ci ildən etibarən “Kür” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərən Əminə xanım uzun illər region mediasının ən tanınan və nüfuzlu simalarından birinə çevrilib.

“Kür” təkcə bir mətbuat orqanı deyil, Yevlaxın ictimai-siyasi, sosial və mədəni həyatının salnaməsi idi

Əslində, bu gün artıq nəşri dayandırılmış “Kür” qəzeti təkcə bir mətbuat orqanı deyildi. O, Yevlaxın ictimai-siyasi, sosial və mədəni həyatının salnaməsi idi.

Əminə Yusif qızı Əhmədova Yevlaxın ictimai-siyasi həyatında da öz fəallığı ilə seçilib, bir müddət YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri olub
Əminə Yusif qızı Əhmədova Yevlaxın ictimai-siyasi həyatında da öz fəallığı ilə seçilib, bir müddət YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri olub

Əminə xanım hələ “Təşəbbüs” qəzetində çalışdığı dövrlərdə, keçmiş Sovet İttifaqının dağılması ərəfəsində həmin zaman üçün olduqca cəsarətli və bir çoxlarına mümkünsüz görünən təşəbbüslərin müəllifi idi. Həmin dövrdə “Təşəbbüs” qəzeti təkcə Yevlaxın deyil, bütövlükdə regionun media həyatında yenilikçi ruhu ilə seçilirdi. Qəzet sözün həqiqi mənasında təşəbbüskar bir mətbuat orqanına çevrilmişdi və bütün bu proseslərin mərkəzində də Əminə xanımı görmək mümkün idi. Maraqlıdır ki, həmin dövrdə o, hələ baş redaktor deyildi. Buna baxmayaraq, qəzetin ideya yükünü daşıyan, ona yeni nəfəs və yeni düşüncə gətirən əsas simalardan biri məhz Əminə xanım idi.

O, gecə-gündüz çalışırdı. İstər kənd təsərrüfatı, istər mədəniyyət, istər sosial həyat, istərsə də regionun müxtəlif sahələri ilə bağlı görülən işlərin işıqlandırılması üçün yorulmadan fəaliyyət göstərirdi. Amma burada söhbət sıradan xəbərlərin hazırlanmasından getmirdi. Əminə xanımın yanaşması fərqli idi. Onun hazırladığı və rəhbərlik etdiyi materiallarda hadisələrə yeni dövrün çağırışlarına uyğun ruh, baxış və dinamika verilirdi. “Təşəbbüs” oxucular üçün sadəcə qəzet deyil, dəyişən zamanın nəfəsini hiss etdirən bir tribuna idi.

“Kür”ün ən çətin sınaq illəri

Əminə xanım sonrakı illərdə “Kür” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərdiyi dövrdə isə sözün əsl mənasında böyük fədakarlıqlar nümayiş etdirdi. O illər Azərbaycanın müstəqilliyinin ilk və ən ağır dövrləri idi. Ölkənin iqtisadi vəziyyəti son dərəcə çətin idi, insanlar bəzən gündəlik çörək pulunu belə tapmaqda çətinlik çəkirdilər. Belə bir şəraitdə qəzeti yaşatmaq, onu ayaqda saxlamaq və fəaliyyətini davam etdirmək olduqca ağır məsuliyyət tələb edirdi.

Bu gün dövlət tərəfindən media orqanlarına müxtəlif dəstəklər göstərilir, qrantlar ayrılır və mətbuatın fəaliyyəti üçün imkanlar yaradılır. Amma o dövr tamam başqa dövr idi. Həmin illərin çətinliklərini yaşamayan insanlar üçün bunu tam təsəvvür etmək bəlkə də asan deyil. Mən isə o dövrün canlı şahidlərindən biri kimi yaxşı bilirəm ki, ilk illərdə “Kür” qəzetinin yaşaması üçün necə böyük əziyyətlər çəkilib.

Həmkarlarla xatirə fotosu
Həmkarlarla xatirə fotosu

Əminə xanım bəzən gecələri mətbəədə keçirirdi. Gündüzlər isə idarə və müəssisələrin “qapılarını döyərək”, qəzetə abunə toplamağa çalışırdı. O, insanları “Kür” qəzetinin yaşamasının vacibliyinə inandırmağa çalışır, bunun sadəcə bir qəzet deyil, bölgənin sözü, düşüncəsi və nəfəsi olduğunu anlatmağa səy göstərirdi. Ən önəmlisi isə odur ki, bu inamın arxasında həqiqətən də peşəkar və vicdanlı jurnalistika dayanırdı.

Çətin günlərin dostu olan qəzet

Yeri gəlmişkən, həmin dövrdə “Kür” qəzeti təkcə öz fəaliyyətini davam etdirməsi və ayaqda qalması ilə seçilmirdi. “Kür” eyni zamanda ehtiyacı olan insanların, sosial problemlərlə üzləşənlərin, ümumiyyətlə qayğıya ehtiyacı olan hər kəsin üz tutduğu bir ünvan, bir ocaq idi.

O illərdə bir çox insan üçün qəzet yalnız informasiya vasitəsi deyil, həm də ümid yeri sayılırdı. Əminə xanım müxtəlif dövlət qurumlarına, idarə və təşkilatlara müraciətlər edir, insanların işlə təmin olunması, gecikən maaşların verilməsi, sosial problemlərin həlli istiqamətində əlindən gələni əsirgəmirdi. Hətta hansısa xəstənin dərman ala bilmədiyi bir vaxtda o dövr üçün sayları çox az olan iş adamlarına müraciət edir, ehtiyacı olan insanlar üçün dəstək istəyirdi. Məhz buna görə də “Kür” region insanının yaddaşında sadəcə qəzet kimi deyil, həm də çətin günlərin dayaqlarından biri kimi qaldı.

Region mətbuatında onillərlə ayaqda qalmaq, redaksiyanı qorumaq, onu yaşatmaq və inkişaf etdirmək olduqca çətin və məsuliyyətli işdir

Zaman keçdikcə ölkədə vəziyyət dəyişdi, mərhələ-mərhələ problemlər aradan qalxmağa başladı. Dövlətin medianın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində region mətbuatı üçün də yeni imkanlar yarandı. “Kür” qəzeti isə keçmişdə göstərdiyi fədakarlıqlar və qazandığı nüfuz sayəsində bu yeni mərhələdə də region mediasının ön sıralarında yer aldı.

 

"Kür" onun "şah əsəri"dir
“Kür” onun “şah əsəri”dir

Etiraf etmək lazımdır ki, region mətbuatında onillərlə ayaqda qalmaq, redaksiyanı qorumaq, onu yaşatmaq və inkişaf etdirmək olduqca çətin və məsuliyyətli işdir. Bu baxımdan Əminə xanımın fəaliyyəti xüsusi qiymətə layiqdir. “Təşəbbüs” qəzetinin dövrün tələblərinə uyğun yenilənməsi, “Kür” qəzetinin isə region mediasında oxunaqlı və nüfuzlu mətbuat orqanına çevrilməsində onun özünəməxsus əməyi, baxışı və imzası olub.

Bu yerdə xatırladaq ki, Əminə Əhmədovanın uzun illər mətbuat sahəsində göstərdiyi xidmətlər dövlət və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib.

O, eyni zamanda uzun illər ictimai-siyasi fəaliyyətdə də yaxından iştirak edib, 2009–2021-ci illərdə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri vəzifəsində çalışıb. 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

Gənclərə yol açan baş redaktor

Mən yazının əvvəlində Əminə xanımın jurnalist kimi formalaşmağımda oynadığı roldan bəhs etmişdim. İstəyirəm yazını da məhz bu məqamla yekunlaşdırım. Çünki mənim üçün Əminə xanım təkcə peşəkar jurnalist və təcrübəli baş redaktor deyil. O, həm də gənclərə inanan, onların yoluna işıq tutan və istedadı görən insanlardan biridir.

Əminə xanım redaksiyaya yazı gətirən gənclərə yalnız yazını çap etməklə dəstək olmurdu. O, onlarla söhbət edir, yol göstərir, ürək-dirək verir və ən əsası onları özlərinə inandırırdı. Gənclərə hiss etdirirdi ki, əgər üzərlərində çalışsalar, gələcəkdə yaxşı jurnalist ola bilərlər. Belə gənclərdən biri də mən idim.

Mətbuat Şurasının sədri Rəşad Məcid yubiley medalını təqdim edərkən
Mətbuat Şurasının sədri Rəşad Məcid yubiley medalını təqdim edərkən

Əminə xanım mənimlə dəfələrlə söhbət edib, jurnalistika sahəsində özümü davamlı sınayacağım təqdirdə uğur qazana biləcəyimi mənə inandırıb. Bu gün Azərbaycan mətbuatında müəyyən uğur qazanmış, “Əməkdar jurnalist” adına layiq görülmüş Nadir Azəri varsa, bunun formalaşmasında Əminə xanımın mənə verdiyi dəstəyin və aşıladığı inamın böyük rolu var.

Ən önəmli məqamlardan biri isə odur ki, Əminə xanım bunu yalnız sözlə etmirdi. O, gənclərə əməli şəkildə dəstək göstərirdi. Həmin dövrdə hətta mərkzəi mətbuat orqanlarında xüsusi müəllif rubrikaları geniş yayılmamışdı. Amma Əminə xanım məni həvəsləndirmək və yazmağa daha da ruhlandırmaq üçün qəzetdə xüsusi rubrikanın yaradılmasına şərait yaratdı. “Gənclik düşüncələri” adlı həmin rubrika altında əvvəlcə Nadir İsmayılov, daha sonra isə Nadir Azəri imzası ilə yazılarım dərc olunmağa başladı və məhz həmin yazılar vasitəsilə Yevlax oxucuları məni tanıdı.

Əminə xanım bu qayğını yalnız mənə göstərmirdi. O, bir çox gəncin üzə çıxmasına, formalaşmasına və jurnalistikaya gəlməsinə dəstək verirdi. Təsadüfi deyil ki, həmin dövrdə region mətbuatı arasında “Kür” qəzeti həm də gənc kollektivə malik olması ilə seçilirdi. Bu isə ilk növbədə Əminə xanımın gənclərə verdiyi dəyərin nəticəsi idi.

Gənclik ruhunu qoruyan insan

Ümumiyyətlə, gənclik ruhu həmişə Əminə xanımın özündə olub. O, illər boyu bu enerji və yaradıcılıq ruhu ilə çalışıb. Bu gün 75 yaşını qeyd etməsinə baxmayaraq, Əminə xanım yenə də həmin ruhu qoruyub saxlayır. Hazırda Azərbaycan Mətbuat Şurası Ahıllar Məclisinin sədr müavini kimi fəaliyyət göstərsə də, onun daxilindəki yaradıcılıq enerjisi, həyata baxışı və insanlarla münasibətdəki səmimiyyəti dəyişməyib. Mən əminəm ki, bundan sonra da uzun illər bu ruhu qoruyacaq.

Sonda bir arzumu da xüsusi qeyd etmək istəyirəm. İstərdim ki, Əminə xanım “Təşəbbüs” və “Kür” qəzetləri ilə birlikdə keçdiyi yol, həmin dövrün çətinlikləri, müstəqilliyin ilk illərində region mediasının formalaşması və öz həyat təcrübəsi ilə bağlı xatirələrini ayrıca kitab halında qələmə alsın. Çünki onun kitab yazmaq bacarığını Azərbaycan oxucusu yaxşı bilir. Əminə xanımın Yevlax şəhidlərinə həsr etdiyi kitab bu gün də maraqla oxunur. İnanıram ki, onun müstəqilliyin ilk illərində region mediasının tarixi və “Kür” qəzeti haqqında yazacağı kitab da təkcə Yevlax üçün deyil, ümumilikdə Azərbaycan jurnalistikası üçün dəyərli bir mənbəyə, gənc jurnalistlər üçün isə əsl ustad dərsinə çevrilə bilər.

Əminə xanım bu gün də gənclik ruhnu qoruyur
Əminə xanım bu gün də gənclik ruhunu qoruyur

Bəli, Əminə xanım üçün əlamətdar bir dövrdür. İyunun 1-də onun 75 illik yubileyi qeyd olunacaq. Eyni zamanda əmək fəaliyyətinin 50 ili tamam olur. Bu yubiley yalnız bir insanın həyat tarixinin deyil, bütöv bir dövrün, region mətbuatının və bir nəslin yaddaşının yubileyidir.

Bir daha Əminə xanımı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.

Var olun, yaşayın və yaradın, Əminə xanım!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.