Press "Enter" to skip to content

Bu, Azərbaycanın qətiyyətli siyasi iradəsinin təzahürüdür

Əli Orucov

Əli Orucov: İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və məskunlaşma prosesi yeni reallıqların dönməz xarakter daşıdığını göstərir

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyev əlamətdar və tarixi günləri hər zaman olduğu kimi, bu dəfə də xalqla birlikdə qeyd edib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Əli Orucov bildirib.

O, qeyd edib ki, dövlət başçısının regionlara səfərləri, sakinlərlə görüşləri və həyata keçirilən layihələrlə yerində tanış olması təkcə cari hadisə deyil, sonradan tarixə çevrilən mühüm siyasi hadisələrdir: “28 May – Müstəqillik Günü münasibətilə işğaldan azad olunmuş Xankəndi və Xocalı şəhərlərində yeni istehsal müəssisələrinin açılışı, Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanışlıq və sakinlərlə aparılan səmimi söhbətlər Prezident İlham Əliyevin azad edilmiş ərazilərə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Bu ərazilər sürətlə inkişaf edir, ölkənin iqtisadi, sosial və inzibati baxımdan ən dinamik bölgələrindən birinə çevrilir. Halbuki erməni işğalı dövründə bu torpaqlarda həyat, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Burada yaşayan ermənilər separatçı rejimin girovuna çevrilmiş, şəhər və kəndlər isə baxımsızlıq, talan və dağıntılarla üz-üzə qalmışdı. Hətta Xankəndi separatçı cinayətkar qrupların gəlir mənbəyinə çevrilmiş, şəhərin inkişafı tamamilə dayanmışdı”.

Ə.Orucov deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ildə həyata keçirilən uğurlu lokal antiterror tədbirlərindən sonra isə Xankəndi, Xocalı və Şuşa öz həqiqi sahiblərinə qayıtdı. Bununla da həmin şəhərlərdə yeni inkişaf mərhələsinin əsası qoyuldu: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqı bütün çətinliklərə dözdü, lakin sınmadı. Azərbaycan bu tarixi qələbəyə addım-addım yaxınlaşdı. İqtisadiyyatını gücləndirdi, müasir silahlı qüvvələr formalaşdırdı, beynəlxalq əlaqələrini genişləndirdi, milli həmrəyliyi və daxili siyasi sabitliyi qoruyaraq qarşıya qoyduğu məqsədlərə doğru inamla irəlilədi. Məhz bu ardıcıl və məqsədyönlü siyasət öz nəticəsini verdi”.

Politoloqun sözlərinə görə, dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri də “Əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin” fikri idi: “Azərbaycan 44 günlük müharibə zamanı müxtəlif xarici təzyiqlərlə üzləşsə də, onların heç birinin qarşısında geri çəkilmədi və haqq yolundan dönmədi. Sonrakı dövrdə də bəzi dövlətlər və beynəlxalq təşkilatlar təzyiq və şantaj dili ilə Azərbaycana təsir göstərməyə çalışdılar. Lakin Bakının prinsipial və qətiyyətli mövqeyi ilə qarşılaşaraq məqsədlərinə nail ola bilmədilər. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən azsaylı dövlətlərdən biridir. Azərbaycanla hesablaşırlar. Xüsusilə regional məsələlərdə Bakının mövqeyi həlledici amillərdən biri kimi qəbul olunur. Prezident İlham Əliyevin Xankəndi, Xocalı və Şuşaya səfərləri, burada keçirdiyi görüşlər və açılışını etdiyi istehsal müəssisələri həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm mesajdır. Azərbaycan öz torpaqlarında qurur, yaradır, bərpa edir, məskunlaşmanı təmin edir və bu əraziləri mühüm iqtisadi, mədəni və siyasi mərkəzlərə çevirir”.

Ə.Orucov bildirib ki, son dövrlərdə istər Ermənistandakı revanşist qüvvələrin, istərsə də onların xaricdəki havadarlarının apardıqları qarayaxma kampaniyaları və səsləndirdikləri əsassız iddialar reallığı dəyişdirə bilməz: “Azərbaycan öz taleyini və gələcəyini özü müəyyənləşdirir. Qarabağ məsələsi Azərbaycan üçün artıq həll olunmuş məsələdir və bu səhifə birdəfəlik bağlanıb. Geri dönüş cəhdlərinin heç bir perspektivi yoxdur. Bu proseslər eyni zamanda həmin torpaqların kimə məxsus olduğunun ən aydın və praktik təsdiqidir. Qərbi azərbaycanlıların da öz doğma yurdlarına qayıdaraq orada yenidən qurub-yaradacaqları günün yaxınlaşdığına inam böyükdür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qarşıya qoyulan məqsəd və hədəflərə addım-addım nail olunacaq.”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.