Press "Enter" to skip to content

I Qax Kitab Sərgisi keçirilib

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Mayın 30-da Qax rayonunda I Qax Kitab Sərgisinin açılış mərasimi keçirilib. Sərgi iki gün ərzində Qax və ətraf rayon kitabsevərlərinin görüş məkanına çevrilib.

Bu barədə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyindən məlumat verilib.

Şəmil Sadiq çıxış edərkən
Şəmil Sadiq çıxış edərkən

Bildirilib ki, layihənin əsas məqsədi regionlarda mütaliə mədəniyyətinin təşviqi, kitabın təbliği, oxucuların nəşriyyatlar və müəlliflərlə bir araya gətirilməsidir: “Açılış mərasimində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri, yazıçı-publisist Şəmil Sadiq, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, ANAİB İdarə Heyətinin üzvü, layihənin icraçısı Veysəl Məmmədov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov və AYB Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli çıxış ediblər. Çıxış edənlər kitab sərgilərinin regionlarda keçirilməsinin oxu mədəniyyətinin inkişafına, yerli ədəbi mühitin canlanmasına və gənclərin kitaba marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, belə təşəbbüslər kitabın təbliği ilə yanaşı, müəlliflər, nəşriyyatlar və oxucular arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edir”.

Tədbir zamanı
Tədbir zamanı

Məlumata görə, sərgidə Azərbaycanın 30-dan artıq nəşriyyatı iştirak edib: “Ziyarətçilərə müxtəlif janrlarda nəşrlər endirimli qiymətlərlə təqdim olunub. Eyni zamanda, sərgi çərçivəsində yazıçılarla görüşlər, imza saatları, bədii səhnələr və digər mədəni proqramlar təşkil edilib”.

Bədii hissə
Bədii hissə

Qeyd edək ki, I Qax Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, MÜTDA, AYB Şimal-Qərb Regional Bölməsi və ASAN Radionun tərəfdaşlığı ilə həyata keçirilir. Sərgi BP şirkətinin dəstəyi ilə baş tutur və iyunun 1-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.