Press "Enter" to skip to content

Saxta kimlik – gerçək məqsəd

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Bir neçə il əvvəl fars dilində nəşr olunan bir jurnal görmüşdüm. İran Təhsil Nazirliyinin sifarişi ilə 28 milyon nüsxədə çap edilən bu jurnal ibtidai sinif şagirdləri üçün əlavə tədris vəsaiti kimi nəzərdə tutulub. Buraya qədər hər şey normal görünür. Lakin jurnalın içərisində Azərbaycan türklərinə qarşı ciddi təhriflərin və yanlış məlumatların yer aldığını gördüm.

Jurnalın mənim gördüyüm səhifəsində Azərbaycan türkləri haqqında “Azərilər” adlı bir bölmə açılmışdı. Həmin bölmədə diqqətimi çəkən hissəni olduğu kimi təqdim edirəm: “Azərilər iranlıdırlar. Onlar Şərqi və Qərbi Azərbaycan ostanlarında yaşayırlar”. Burada söhbət İran hakimiyyəti altında yaşayan Azərbaycan türklərinin sıx məskunlaşdığı bölgələrdən gedir. Mətnin davamında isə belə yazılır: “Azərilər digər ostanlarda da yaşayırlar”. Daha sonra müəlliflər bir addım da irəli gedərək bildirirlər ki, “Keçmişdə azərilərin əsl dili fars dili idi. Lakin yüz ildir ki, onlar türkcə danışırlar”.

Yəni mətnin məzmunundan da göründüyü kimi, jurnal Azərbaycan türklərini sonradan türkləşmiş fars mənşəli “azərilər” kimi təqdim edir. Bir daha vurğulamaq istəyirəm ki, bu jurnal İran Təhsil Nazirliyinin dəstəyi ilə nəşr olunub.

Burada başqa bir məqama da diqqət çəkmək istəyirəm. Məni az-çox tanıyanlar bilirlər ki, kimliyindən asılı olmayaraq yanımda Azərbaycan türklərinə “azəri” deyən hər kəsi xəbərdar etmişəm. Bəzən buna cavab olaraq “nə fərqi var ki, biz o mənada demirik” deyirlər. Hətta bu həssaslığıma görə məni qınayanlar da olur. Əminəm ki, bu yazını oxuduqdan sonra nə demək istədiyimi daha yaxşı anlayacaqlar.

Bu, İranın uzun illərdir həyata keçirdiyi siyasətin bir hissəsidir. Məqsəd bizi öz soyumuzdan, tariximizdən və milli kimliyimizdən uzaqlaşdıraraq saxta bir kimlik formalaşdırmaqdır. Bunun növbəti mərhələsi isə Quzey Azərbaycanı, yəni müstəqil Azərbaycan Respublikasını da İran torpağı kimi təqdim etməkdir. Təəssüf ki, artıq bu istiqamətdə addımların atıldığını da görürük.

Jurnalın problemli məqamları bununla da bitmir. Onun başqa bir bölməsində də İran daxilində yaşayan xalqlar və onların məskunlaşdıqları bölgələrdən bəhs edilərkən Azərbaycanın qərb hissəsi kürd yurdu kimi təqdim olunur. Bu məsələni əvvəlki yazılarımda da qeyd etmişdim. İran uzun illərdir Güney Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Qərb bölgələrinə PKK-nın İran qolu olan PEJAK üzvlərini və onlara simpatiya bəsləyən şəxsləri yerləşdirir. Bununla Azərbaycan bölgəsi ilə Türkiyə arasında terror dəhlizi formalaşdırmağı planlaşdırır.

Bundan əlavə, İran öz daxilində problem hesab etdiyi kürdlərlə Azərbaycan türkləri arasında etnik qarşıdurma yaratmaqla hər iki tərəfi nəzarət altında saxlamağa çalışır.

Burada bizim üzərimizə düşən vəzifə özümüzdən görünən, lakin əslində bizdən olmayan qüvvələrə qarşı ayıq olmaqdır. İran heç vaxt bizdən olmayıb və bundan sonra da olmayacaq. Biz İrana düşmən olmaq məcburiyyətində deyilik, lakin onu dost hesab etmək də mümkün deyil. Əsas məsələ ehtiyatlı olmaq və lazımi tədbirləri vaxtında görməkdir ki, sonradan peşman olmayaq.

Ağıllı insan müsibət gəldikdən sonra çıxış yolu axtaran deyil, fəlakət gəlməzdən əvvəl tədbir görən insandır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.