Press "Enter" to skip to content

Naxçıvan Duzdağının “əkiz qardaşı”

Duz mağaraları

Son yeniləmə: 1 İyun 2026

Iğdırın duz mağaraları şəfa məkanı kimi diqqət çəkir

BAYRAQDAR MEDİA – Iğdır turizminin ən məşhur məkanlarından biri olan Tuzluca Duz Mağaraları həm nəfəs darlığından və oynaq ağrılarından əziyyət çəkən xəstələrin, həm də yay istisində sərinləmək istəyən yerli və xarici turistlərin diqqət mərkəzindədir. Hər il artan ziyarətçi sayı ilə seçilən mağaralar həm şəfa axtaranların görüş nöqtəsinə çevrilib, həm də bölgə iqtisadiyyatına mühüm töhfələr verir.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyənin müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn minlərlə insan burada həm möhtəşəm təbiət mənzərəsindən zövq alır, həm də tənəffüs yolu xəstəliklərinə müsbət təsir göstərdiyi deyilən mağara havasından faydalanmağa çalışır: “Iğdırın Tuzluca rayonunda yerləşən duz mağaraları müalicəvi havası və təbii quruluşu sayəsində Qurban bayramı günlərində də böyük maraq görüb. Təkcə doqquz günlük bayram tətili ərzində mağaraları 16 mindən çox yerli və xarici turist ziyarət edib. Təbii duz layları və yeraltı atmosferi ilə seçilən mağara xüsusilə astma, bronxit və nəfəs darlığı kimi tənəffüs sistemi xəstəliklərinə müsbət təsir göstərdiyinə inanılan havası səbəbindən sağlamlıq turizmi baxımından da mühüm mərkəz hesab olunur. Dörd günlük Qurban bayramı ərzində təxminən 10 min nəfər, ümumilikdə isə doqquz günlük tətil müddətində 16 mindən çox turist burada olub”.

Məlumata görə, Duz mağarasının kassiri Cemil Gümüştekin bildirib ki, yay mövsümündə mağara hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Bayram günlərində isə qapılar daha erkən açılır və ziyarətçi sıxlığından asılı olaraq axşam saat 19:00 və ya 20:00-dək xidmət davam edir.

Iğdır turizminin mühüm istiqamətlərindən biri sayılan Tuzluca Duz Mağaralarının hər il artan ziyarətçi sayı ilə bölgə iqtisadiyyatına da əhəmiyyətli töhfə verdiyi bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.