Press "Enter" to skip to content

“ANT” gəmisinə hücum Qara dənizdə təhlükəsizlik risklərini artırır

Dr. Yücel Karauz

Son yeniləmə: 1 İyun 2026

Dr. Yücel Karauz: Mülki ticarət gəmisinin hədəfə alınması müharibənin hərbi çərçivədən çıxaraq iqtisadi və strateji sahələrə daha dərindən sirayət etdiyini göstərir

BAYRAQDAR MEDİA – Qara dənizdə gərginlik yeni mərhələyə qədəm qoyur. Odessa limanından Türkiyəyə doğru hərəkətdə olan, Türkiyə şirkətinə məxsus və Vanuatu bayrağı altında üzən “ANT” adlı quru yük gəmisinin pilotsuz uçuş aparatı ilə vurulması regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb. Hücum nəticəsində türk heyət üzvlərinin yaralanması hadisəyə xüsusi həssaslıq qazandırıb. Ekspertlər hesab edirlər ki, söhbət artıq yalnız Rusiya-Ukrayna müharibəsindən deyil, Qara dənizdə beynəlxalq ticarət marşrutlarının və dəniz təhlükəsizliyinin gələcəyindən gedir.

Beləliklə, son hadisə Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyi, Türkiyənin bölgədəki balans siyasəti və müharibənin mümkün yeni riskləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəs “ANT” gəmisinə hücum Qara dənizdə qüvvələr balansına necə təsir göstərə bilər? Bu hadisə Türkiyənin bölgədə həyata keçirdiyi siyasətə hansı problemləri yaradır və müharibənin gələcək gedişinə necə təsir edə bilər?

Məsələni BAYRAQDAR MEDİA üçün şərh edən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib ki, son hadisə Qara dənizdə müharibənin artıq yalnız hərbi deyil, iqtisadi və strateji ölçülərinin də daha da dərinləşdiyini göstərir.

Mülki ticarət gəmisinin hədəfə alınması adi hadisə hesab edilə bilməz

Onun sözlərinə görə, Türkiyəyə doğru hərəkətdə olan mülki ticarət gəmisinin hədəfə alınması adi hadisə hesab edilə bilməz və bu, bölgədə təhlükəsizlik risklərinin artdığını göstərən ciddi siqnaldır: “Qara dəniz hazırda yalnız hərbi əməliyyatların aparıldığı məkan deyil, eyni zamanda beynəlxalq ticarətin, enerji daşımalarının və qlobal ərzaq təchizatının mühüm arteriyalarından biridir. Belə bir şəraitdə mülki yük gəmisinin vurulması müharibənin təsirlərinin daha geniş sahələrə yayıldığını göstərir. Bu cür hadisələr beynəlxalq daşıma şirkətləri və sığorta qurumları tərəfindən də ciddi risk göstəricisi kimi qiymətləndirilir”.

Türkiyə balans siyasətini qorumağa çalışır

Dr. Yücel Karauz qeyd edib ki, Türkiyənin hadisədən sonra nümayiş etdirdiyi mövqe diqqət çəkir. Onun sözlərinə görə, Ankara həm öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır, həm də bölgədəki həssas tarazlığın pozulmaması üçün ehtiyatlı davranır.

“Türkiyə hadisə ilə bağlı açıqlamalarında birbaşa ittiham dilindən istifadə etmədi. Ankara daha çox müharibənin yaratdığı risklərə diqqət çəkərək tərəfləri təmkinə çağırdı. Bu yanaşma Türkiyənin həm NATO üzvü, həm də Rusiya və Ukrayna ilə əlaqələri olan regional güc kimi yürüdüyü balans siyasətinin tərkib hissəsidir”, – deyə ekspert vurğulayıb.

Türkiyəli general hesab edir ki, son dövrlərdə Qara dənizdə müşahidə olunan hadisələr Rusiyanın Ukraynanın dəniz üzərindən formalaşdırdığı ixrac marşrutlarına təzyiq göstərmək niyyətindən xəbər verir:“Ukrayna taxıl və digər məhsulların ixracı üçün Odessa istiqamətində alternativ marşrutlar yaratmağa çalışır. Bu marşrutlardan istifadə edən xarici ticarət gəmilərinə qarşı təhlükə mühitinin formalaşdırılması isə həmin dəhlizlərin fəaliyyətini çətinləşdirmək məqsədi daşıya bilər. Belə vəziyyət yalnız Ukraynanın deyil, bütövlükdə Qara dəniz regionunun iqtisadi sabitliyinə təsir göstərir”.

Beynəlxalq ticarət və ərzaq bazarlarına təsir

Ekspertin fikrincə, hadisənin ən ciddi nəticələrindən biri beynəlxalq dəniz daşımaları sahəsində risklərin artmasıdır:“Mülki gəmilərin hədəfə alınması sığorta haqlarının yüksəlməsinə, daşıma xərclərinin artmasına və bəzi şirkətlərin Qara dəniz marşrutlarından uzaqlaşmasına səbəb ola bilər. Bu isə son nəticədə qlobal ərzaq bazarlarına və logistika zəncirlərinə təsir göstərəcək. Qara dəniz dünya taxıl ticarətinin əsas mərkəzlərindən biridir və burada yaşanan hər bir gərginlik beynəlxalq bazarlarda hiss olunur”.

Ən böyük təhlükə yanlış hesablama riskidir

Dr. Yücel Karauz hesab edir ki, mövcud vəziyyətdə ən böyük təhlükələrdən biri də yanlış hesablama riskidir:“Türk heyət üzvlərinin olduğu mülki gəminin hədəfə alınması göstərir ki, müharibənin coğrafi sərhədləri ilə bağlı risklər artır. Əgər gələcəkdə oxşar hadisələr nəticəsində daha ciddi insan itkiləri baş verərsə, bu, regional və beynəlxalq səviyyədə daha sərt reaksiyalara səbəb ola bilər. Qara dənizdə NATO üzvü olan Türkiyə, Rumıniya və Bolqarıstanın mövcudluğu nəzərə alınarsa, hər hansı insidentin yaratdığı nəticələr çox daha geniş ola bilər”.

Montrö Konvensiyası Ankaranın əsas dayağı olaraq qalır

Türkiyəli generalın sözlərinə görə, Ankara hazırda Montrö Boğazlar Konvensiyasını dəqiqliklə tətbiq etməklə Qara dənizdə təhlükəli eskalasiyanın qarşısını almağa çalışır:“Türkiyə Qara dənizin NATO ilə Rusiya arasında birbaşa qarşıdurma məkanına çevrilməsini istəmir. Montrö Konvensiyasının tətbiqi bu baxımdan mühüm rol oynayır. Lakin həm mülki gəmilərə qarşı hücumların, həm də NATO ölkələrinin sərhədləri yaxınlığında müşahidə olunan pilotsuz aparat fəaliyyətinin davam etməsi Ankaranın yürüdüyü həssas balans siyasətini getdikcə daha çox çətinləşdirir”.

Ekspert hesab edir ki, yaxın dövrdə Qara dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, ticarət marşrutlarının qorunması və diplomatik səylərin artırılması əsas prioritetlərdən biri olacaq. Çünki bölgədə baş verən hər yeni insident yalnız müharibənin gedişinə deyil, beynəlxalq ticarətə və regional təhlükəsizlik mühitinə də birbaşa təsir göstərir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.