Press "Enter" to skip to content

“Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində ilk tədbir

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində ilk tədbir Sabirabad rayonunda təşkil olunub.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, Sabirabad Bayraq Muzeyində keçirilən tədbir Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə reallaşan tədbir çərçivəsində qonaqlar Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin yer aldığı sərgi ilə tanış olublar. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq iştirakçılara milli geyimlərimiz və kəlağayı sənəti haqqında ətraflı məlumat çatdırılıb.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında kəlağayının Azərbaycan xalqının qədim tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdən biri olduğunu bildirib.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə çatdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən milli-mənəvi irsin qorunmasına göstərilən diqqət “Vətənimdir Azərbaycan!” layihəsində də öz əksini tapır.

Daha sonra Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış ediblər.

Tədbirin bədii hissəsində Nuruş Məmmədli, Murad Hümbətli, Sərxan Baxşıyev və Şamil Ağayev musiqi nömrələri ilə çıxış edərək proqramı daha da zənginləşdiriblər.

Layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının təbliği, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.

“Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbirlərin Şamaxı və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.