BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “E.Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək. O, Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb, 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib. Əmək fəaliyyətinə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda başlayan E.Vəliyev müxtəlif illərdə neft-qaz sənayesi sahəsində çalışıb. 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub”.
Sonra xəbərdə, “E.Vəliyev 102 elmi əsərin, o cümlədən 50 indekslənən elmi məqalənin (25 beynəlxalq), 40 tezisin (25 beynəlxalq), 5 patentin və 8 kitabın həmmüəllifidir. O, 2021–2024-cü illərdə Stanford Universitetinin hazırladığı dünyanın ən nüfuzlu alimlərini əhatə edən top 2 faiz alimlər siyahısında yer alıb. E.Vəliyev 2024-cü ildə neft-qaz sahəsinin inkişafına verdiyi töhfələrə görə SOCAR prezidenti tərəfindən fəxri fərmanla təltif edilib” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz