BAYRAQDAR MEDİA – İyunun 4-də Mingəçevir Dövlət Universitetində (MDU) regionun ən böyük və ən müasir Kibertəhlükəsizlik Laboratoriyasının açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “laboratoriyanın istifadəyə verilməsi münasibətilə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti universitetdə olub. Tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sosial sərmayələr fəaliyyətinin rəhbəri Xalid Rəcəbov, Azərbaycanda sosial sərmayələr üzrə menecer Babək Həmidov, sosial sərmayələr və sponsorluq fəaliyyəti üzrə müşavir Rəna Həsənova, sosial sərmayələr fəaliyyəti üzrə koordinator Cəmilə Sultan, universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər. Qonaqları salamlayan MDU-nun rektoru Anar Eminov universitetdə həyata keçirilən rəqəmsal transformasiya siyasəti, mühəndislik və informasiya texnologiyaları istiqamətində aparılan islahatlar, eləcə də əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadr hazırlığı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Rektor son illərdə MDU-da informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində təhsil alan tələbələrin sayında müşahidə olunan davamlı artımın bu sahəyə olan yüksək marağın göstəricisi olduğunu vurğulayıb”.
Daha sonra xəbərdə, “B.Aslanbəyli “Azərbaycanın ali təhsil müəssisələrində müasir İKT infrastrukturu və Kibertəhlükəsizlik laboratoriyalarının yaradılması” layihəsinin əhəmiyyətindən bəhs edib. O, layihənin Azərbaycanın ali təhsil sistemində rəqəmsal bacarıqların inkişafına, kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşmasına və ölkənin texnoloji dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. Sonra bp nümayəndə heyəti laboratoriyada yaradılmış müasir texnoloji infrastrukturla yaxından tanış olub. Qonaqlara laboratoriyada quraşdırılmış avadanlıqların texniki imkanları, tədris və tədqiqat prosesində tətbiqi, eləcə də tələbələrin kibertəhlükəsizlik sahəsində praktiki hazırlığının təşkili barədə ətraflı məlumat verilib” deyə bildirilir.
Xəbərdə eləcə də deyilir ki, “nümayəndə heyəti tərəfindən laboratoriyada formalaşdırılan müasir tədris mühiti yüksək qiymətləndirilib, bu cür təşəbbüslərin ölkədə rəqəmsal bacarıqların inkişafına və əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına mühüm töhfə verdiyi vurğulanıb. Qonaqlar tələbələrin nümayiş etdirdikləri praktiki layihələr və laboratoriyanın imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirin sonunda qonaqlar laboratoriyanın universitetin elmi-tədqiqat potensialının gücləndirilməsi, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və ölkənin kibertəhlükəsizlik ekosisteminə töhfə verəcək yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar”.






İlk şərhi yaza bilərsiniz