BAYRAQDAR MEDİA – “Bu gün III Türk İnteqrasiya Olimpiadasının mükafatlandırma mərasimi ilə daha bir böyük Türk ocağının çırağını yandırdıq. Arxada qalan altı ay təkcə bir layihənin deyil, həm də Turan sevdasının, ortaq tarixə, dilə və mədəniyyətə bağlılığın əməyidir”.
Bunu Hədəf Şirkətlər Qrupunun təsisçisi, Türk İnteqrasiya Olimpiadasının Təşkilat Komitəsinin sədri, dosent Şəmil Sadiq öz sosial şəbəkə hesabandakı paylaşımında qeyd edib.
Xatırladaq ki, iyunun 7-də Bakıda III Türk İnteqrasiya Olimpiadasının mükafatlandırma mərasimi keçirilib.
Sözügedən paylaşımında Şəmil Sadiq həmçinin qeyd edib: “Ali Baş Komandanımızın dilə gətirdiyi “Bizim ailəmiz Türk dünyasıdır” düşüncəsindən ilham alaraq artıq üç ildir ki, Türk dünyasının gənclərini Bakıda bir araya gətiririk. Bu mənzərəni izləyərkən bir daha əmin oldum ki, Türk dünyasının gələcəyi yalnız siyasi və iqtisadi bağlarla deyil, eyni zamanda ortaq dəyərlərlə yetişən gənclərin çiyinlərində yüksələcək. Bu gün Bakıda bir-biri ilə tanış olan, dostlaşan, yarışan bu gənclər sabah Türk dünyasının alimləri, müəllimləri, dövlət adamları, sənətkarları və fikir öndərləri olacaqlar. Özümü xoşbəxt sayıram. Çünki Tanrının mənə bəxş etdiyi imkanları, dövlətimin yaratdığı şəraiti və illərin zəhmətini millətimə, dövlətimə və Türk dünyasına xidmət yolunda sərf edə bilirəm. İnsan üçün bundan böyük səadət az tapılar”.
Şəmil Sadiq bu yolda heç zaman tək olmadıqlarını da qeyd edib: “Yol yoldaşlarımız, dəyərli komandamız, tədbirə dəstək verən qurumlar, ziyalılarımız, ictimai-siyasi xadimlərimiz və media nümayəndələri hər zaman yanımızda olub. Onların inamı, xoş sözü və mənəvi dəstəyi bizi yeni hədəflərə doğru ruhlandırıb. İnanıram ki, sərhədlərimiz ayrı olsa da, ürəyimiz birdir. Çünki kökümüz birdir, tariximiz birdir, taleyimiz birdir. Tanrı Türkü qorusun! Türk birliyi daim olsun! Qızıl Almaya gedən yolumuz açıq olsun!”






İlk şərhi yaza bilərsiniz