BAYRAQDAR MEDİA – 8 iyun 2026 tatixində “XXI Əsrin Qadınları” İctimai Birliyinin “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi çərçivəsində Binəqədi rayonu, R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Əsədov Emin, “XXI Əsrin Qadınları” İB-nin sədri, layihənin rəhbəri Mahirə xanım Əmirhüseynova, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Almaz Həsrət, məktəbin müəllimləri və X-XI sinif şagirdləri iştirak ediblər”.
Tədbirin başında, direktor Almaz Həsrət maarifləndirici tədbirin həyata keçirilməsi istiqamətində məktəbin şagirdlərilə görüşə gəldikləri üçün qonaqları salamlayıb. Sonra isə sözü layihə rəhbəri Mahirə Əmirhüseynovaya verib.
O, qeyd edib ki, “insan alverinin potensial qurbanı ola biləcək həssas əhali qrupları ilə sosial işin aparılması və onların maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə rəhbəri olduğu İB tərəfindən müxtəlif təhsil müəssisələrində və ictimai platformalarda mütəmadi maarifləndirici tədbirlər təşkil edirlər”. Ardınca Mahirə Əmirhüseynova çıxışında sosial şəbəkələrdə, sosial platformalarda insanların, xüsusilə də məktəblilərin aldadıcı vədlərlə bu yola təhrik olunması barəsində geniş maarifləndirici bilgilər verib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Əsədov Emin isə çıxışı zamanı insan alverinə qarşı mübarizənin istiqamətlərindən geniş şəkildə danışaraq bildirib ki, “bu cinayət növünə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin, o cümlədən təhsil sektorunda fəaliyyət göstərən qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Təhsil sahəsində çalışan və oxuyan şagirdlərin sosial platformalarda və real həyatda insan alverinin əlamətlərini tanıması, risklərin vaxtında müəyyənləşdirilməsi və aidiyyəti qurumlara məlumat verməsi bu cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. Çünki, insan alverinə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasıdır”.
Emin Əsədov çıxışında, “şagirdləri insan alveri ilə bağlı maarifləndirmə tədbirlərində fəal olmağa və bu istiqamətdə əldə etdikləri bilikləri fəaliyyətlərində tətbiq etməyə çağırıb. O, həmçinin vurğulayıb ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik və maarifləndirici layihələr genişləndirilir. Onun sözlərinə görə, belə layihələr şagirdlərin və təhsil sahəsində çalışanların məlumatlılığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir” deyə qeyd edib.
Bildirilib ki, “tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, insan alveri ilə mübarizədə ictimai məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb. Sonda isə mövzu ilə bağlı maarifləndirici video da şagirdlərə nümayiş olunub”.
Qeyd edilib ki, ““Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir”.










İlk şərhi yaza bilərsiniz