BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elmi-Metodiki Şurasının cari il üzrə ikinci iclası baş tutub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “iclası şuranın sədri, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb. Direktor MEK-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransının nəticələri barədə məlumat verib. Konfransın kitabxanaşünaslıq sahəsində yeni yanaşmaların formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. H.Hüseynov Türkiyədə keçirilən III Beynəlxalq Kitabxana və Texnologiya Festivalında iştirak zamanı AMEA-nın korporativ rəqəmsal kitabxana sisteminin qurulmasına texniki dəstək istiqamətində ilkin razılıqların əldə olunduğunu qeyd edib”.
Ardınca xəbərdə, “bundan əlavə, direktor Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilən III “Yerli Qlobal Əməkdaşlıq Görüşləri”ndə iştirakı haqqında danışıb. Bildirilib ki, forumda kitabxanalarda süni intellektin axtarış sistemlərinə tətbiqi, eləcə də Türkiyə verilənlər bazasının türkdilli ölkələr üçün daha əlçatan edilməsi məsələləri müzakirə olunub. H.Hüseynov qarşıda duran vəzifələri diqqətə çatdıraraq şöbə və fondların fəaliyyətinin daha da səmərəli təşkili, 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyət hesabatının hazırlanması və görülən işlərin sistemləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Daha sonra MEK-də nəşr fəaliyyətinin mövcud vəziyyəti müzakirə edilib, MEK-in 100 yubileyinə həsr olunmuş “Mərkəzi Elmi Kitabxana 100 il elmin keşiyində” kitabı, “İnformasiya bülleteni”nin yeni buraxılışları, “Görkəmli elm xadimləri” seriyasında nəşr olunan biblioqrafiyalar Elmi-Metodiki Şuraya təqdim olunub” deyə bildirilir.
İclas zamanı Şura üzvləri, AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və elmi katib Şəbnəm Rüstəmova gündəlikdəki məsələlərlə bağlı rəy və təkliflərini bölüşüblər.






İlk şərhi yaza bilərsiniz