Press "Enter" to skip to content

DİM sədri beynəlxalq konfransda çıxış edib

BAYRAQDAR MEDİA – 8 – 10 iyun 2026-cı il tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda e-Qiymətləndirmə Assosiasiyasının (e-Assessment Association – eAA) illik konfransı keçirilib. Konfransda Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

DİM-dən verilən məlumata görə, Xəbər verdiyimiz kimi, M.Abbaszadə “Milli imtahanlar üzrə dəyirmi masa” çərçivəsində konfransda çıxış edib. M.Abbaszadənin çıxışının tam mətni ilə keçiddə tanış ola bilərsiniz. Konfrans müddətində DİM-in nümayəndə heyəti burada iştirak edən müxtəlif təşkilatların əməkdaşları ilə görüşlər keçirir. Burada imtahanların təhlükəsizliyinin təmin edilməsi, imtahanların idarə olunmasında yeni texnologiyaların tətbiqi, süni intellekt imkanlarından istifadə və s. istiqamətlərdə təcrübə mübadiləsi aparılır.

İyunun 10-da isə Dövlət İmtahan Mərkəzinin Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov konfransda “Kütləvi imtahanlarda elektron qiymətləndirmənin dürüstlüyü, etibarlılığı və şəffaflığının təmin edilməsi: Azərbaycanda on illik təcrübə” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat çərçivəsində DİM tərəfindən kütləvi imtahanlarda açıq tipli tapşırıqların qiymətləndirilməsi məqsədilə yaradılmış və uzun illərdir uğurla tətbiq olunan AYYS – Avtomatlaşdırılmış Yazı Yoxlama Sistemi barədə məlumat verilib. Sistemin yazılı cavabların təhlükəsiz, etibarlı və şəffaf şəkildə qiymətləndirilməsini təmin etdiyi, eyni zamanda qiymətləndirmə prosesinin keyfiyyətinə nəzarəti və operativliyini artırdığı bildirilib. Çıxış zamanı AYYS – Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminin tətbiqi, proqram təminatının əsas xüsusiyyətləri, qiymətləndiricilərin fəaliyyətinin monitorinqi və audit mexanizmləri, nəticələrin emalı və apellyasiya prosesinin idarə olunması məsələlərinə toxunulub. Həmçinin qiymətləndirmə prosesində obyektivliyin təmin edilməsi, məlumat təhlükəsizliyi və keyfiyyətə nəzarət istiqamətində həyata keçirilən tədbirlər təqdim olunub. Bununla yanaşı, Azərbaycanda elektron qiymətləndirmə sisteminin tətbiqi üzrə on illik təcrübə, əldə edilmiş nəticələr və bu sahədə formalaşmış qabaqcıl yanaşmalar beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.