BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) və Gənclər və İdman Nazirliyinin (GİN) birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Olimpiada məktəblilər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyır. İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar. Ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2 mindən çox məktəbli təmsil edəcək. Olimpiadada iştirak edəcək məktəblilər ETN-in, GİN-in tabeliyində, həmçinin Naxçıvanda fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir”.
Olimpiadanın açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında keçiriləcək.
Yarışlar 21-26 iyun tarixlərini əhatə edəcək.






İlk şərhi yaza bilərsiniz