Son yeniləmə: 1 İyul 2026
BAYRAQDAR MEDİA – Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi Prof. Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları” adlı monoqrafiyası nəşr olunub.
İnstitutun Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Nəşriyyatında nəfis şəkildə yayımlanan, I Türkoloji Qurultayın 100 illiyinə ithaf olunan kitabın elmi redaktoru Prof. Tofiq Məlikli, ön sözün müəllifi Prof. Osman Fikri Sertkaya, rəyçiləri isə Prof. Sebahattin Şimşir və Prof. Pərvanə Bayramdır.
XX yüzil Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, dünya şöhrətli türkoloq, uzun illər İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru vəzifəsində işləmiş Əhməd Cəfəroğlu haqqında yazılan monoqrafiyada onun folklorla bağlı araşdırmaları sistemli təhlil obyektinə çevrilib. Kitabda alimin folklorşünaslıq araşdırmaları türkoloji tədqiqatları ilə əlaqəli şəkildə dəyərləndirilib.
Monoqrafiyaya yazdığı ön sözdə Əhməd Cəfəroğlunu Mahmud Kaşğarlı və Fridrix Vilhelm Radloffdan sonra dünyanın üçüncü böyük türkoloqu kimi dəyərləndirən Prof. Osman Fikri Sertkaya onun həyatının gizli məqamlarına toxunub, yazılarına görə İ.V.Stalinin təkidi ilə Sovet Rusiyasına təhvil verilməsinin istəndiyini, lakin Mustafa Kemal Atatürkün müvəqqəti olaraq universitetdən uzaqlaşdırmaqla məsələni yoluna qoyduğunu qeyd edib.
Monoqrafiyanın “Sayaçı sözlərinin arxaik düşüncə qatları”, Azərbaycan bayatılarının Avropada tanıdılması”, “İnanc və ovsunların funksional-semantik təhlili”, “Paremioloji vahidlərin fərqli yozumu”, “Türk mifoloji sistemi onomastik düşüncə axarında”, “Qopuzun dünya kültüründə yeri və aşıq sənəti”, “Əfsanə, lətifə və nağılların ideya-estetik özəllikləri”, “Türk epik ənənəsi və dastan poetikası”, “Folklor mətnlərinin toplanması və sistemləşdirilməsi sahəsindəki fəaliyyəti”, “Tanıtım yazıları” və başqa bölmələrində Əhməd Cəfəroğlunun zəngin folklor araşdırmaları sistemli şəkildə təhlil edilib.
Kitabda, eyni zamanda Əhməd Cəfəroğlunun türkologiyaya töhfələri barədə geniş bəhs olunub, həmçinin xatirələr işığında həyat və yaradıcılığının bilinməyən məqamlarına toxunulub.










İlk şərhi yaza bilərsiniz