Mehmet Gökhan Özçubukçu: On gün davam edəcək Forum türk dünyasının müxtəlif ölkələrindən akademikləri, tədqiqatçıları, ekspertləri və gənc iştirakçıları ortaq platformada bir araya gətirir
BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının himayəsi və Türkiyənin İbn Haldun Universitetinin ev sahibliyi ilə keçirilən III Türk Dünyası Yay Forumu İstanbulda təşkil olunan açılış mərasimi ilə öz işinə başlayıb. On gün davam edəcək forum türk dünyasının müxtəlif ölkələrindən akademikləri, tədqiqatçıları, ekspertləri və gənc iştirakçıları ortaq platformada bir araya gətirir.

Bu barədə Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) başqanı beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu məlumat verib.
O, qeyd edib ki, Forumun açılış mərasimində İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru professor Yaşar Sarı, universitetin rektor müavini professor Özcan Erkan və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Nuri Quliyev çıxış ediblər.

Çıxışlarda türk dünyasında akademik əməkdaşlığın daha da gücləndirilməsinin, ortaq strateji baxışın formalaşdırılmasının və gənc nəsillər arasında davamlı əlaqələrin qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Mehmet Gökhan Özçubukçu deyib ki, Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan başda olmaqla türk dünyasının müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edirlər: “Proqram çərçivəsində beynəlxalq münasibətlər, iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət, təhsil, rəqəmsal transformasiya, regional inteqrasiya və türk dünyasının gələcəyinə dair strateji məsələlər üzrə konfranslar, panellər, çalıştaylar və müxtəlif akademik sessiyalar keçiriləcək. On gün davam edəcək forum iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq etməklə yanaşı, Türk dünyasında akademik və institusional əməkdaşlığın inkişafına da mühüm töhfə verməyi hədəfləyir. III Türk Dünyası Yay Forumu ortaq gələcək baxışının möhkəmləndirilməsi və Türk dünyası ölkələri arasında çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir”.
Onu da qeyd edək ki, CASCFEN sədrinin beynəlxalq təlim proqramları və təhsil layihələri üzrə müşaviri Xuraman Əkbərova da Forumun iştirakçıları arasındadır.






İlk şərhi yaza bilərsiniz