III Türk Dünyası Yay Forumunun iştirakçıları Türk Dövlətləri Təşkilatının Katibliyini ziyarət ediblər
BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının himayəsi və İbn Haldun Universitetinin ev sahibliyi ilə keçirilən III Türk Dünyası Yay Forumu çərçivəsində iştirakçılar İstanbulda yerləşən Türk Dövlətləri Təşkilatının Katibliyini ziyarət ediblər. Səfər proqramı çərçivəsində iştirakçılara Türk Dövlətləri Təşkilatının təhsil sahəsində həyata keçirdiyi ən mühüm təşəbbüslərdən biri olan Orxun Mübadilə Proqramı barədə geniş təqdimat keçirilib.
Bu barədə Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) başqanı beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu məlumat verib.
Məlumata görə, təqdimatda proqramın məqsədləri, fəaliyyət mexanizmi və Türk dünyasında ali təhsil sahəsində akademik mobilliyin inkişafına verəcəyi töhfələr ətraflı izah olunub. Həmçinin üzv dövlətlər arasında təhsil və elmi əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Ziyarət zamanı Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanıçbek Ömüralıyev də forum iştirakçıları ilə görüşüb. O, türk dünyasının müxtəlif ölkələrindən gələn alimlər, tədqiqatçılar və gənc nümayəndələrlə yaxından tanış olub.
Səmimi şəraitdə keçən görüş zamanı türk dünyasında təhsil, akademik əməkdaşlıq, gənclər siyasəti və ortaq gələcək vizyonu ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi layihələr və yaxın perspektivdə reallaşdırılması nəzərdə tutulan birgə təşəbbüslər barədə də ətraflı məlumat verilib.
Türk dünyasının müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirən bu ziyarət ortaq kimlik və həmrəylik şüurunun möhkəmləndirilməsi, akademik əlaqələrin genişləndirilməsi və Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Qeyd edək ki, on gün davam edəcək III Türk Dünyası Yay Forumu çərçivəsində təhsil, diplomatiya, iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət və regional əməkdaşlıq sahələrinə həsr olunmuş konfranslar, panellər, çalıştaylar və digər akademik tədbirlər davam edir.
Onu da qeyd edək ki, CASCFEN sədrinin beynəlxalq təlim proqramları və təhsil layihələri üzrə müşaviri Xuraman Əkbərova da Forumun iştirakçıları arasındadır.






İlk şərhi yaza bilərsiniz