BAYRAQDAR MEDİA – “Mövcud şərait hökuməti erkən seçkiyə məcbur edəcək xarakter daşımır”.
Bunu siyasi kommunikasiya üzrə mütəxəssis Özdemir Tokel KIBRIS TV-də yayımlanan “Kıbrıs’ta Gündem” proqramında Eda Alisiananoğlunun suallarını cavablandırarkən deyib.
Məlumata görə, Ö.Tokel proqramda erkən seçki müzakirələrindən seçki sisteminə, yerli və parlament seçkilərinin eyni gündə keçirilməsi məsələsindən digər aktual mövzulara qədər bir sıra məsələlər barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, erkən seçki adətən hökumətin dağılması, koalisiya tərəfdaşlarının geri çəkilməsi, parlament çoxluğunun itirilməsi və ya ciddi iqtisadi böhranlar kimi fövqəladə hallarda, yaxud hakim partiyalar üçün əhəmiyyətli deputat üstünlüyü qazandıracaq əlverişli siyasi şərait yarandıqda gündəmə gəlir: “Mövcud hökumətin seçki dövründə xalqa verdiyi vədləri yerinə yetirməsi üçün qarşıda hələ kifayət qədər vaxt var. Yəni, bugünkü şəraitdə hökuməti erkən seçkiyə aparacaq hər hansı məcburiyyət görünmür. Əksinə, davam edən investisiya layihələri başa çatdıqdan sonra hökumətin mövqeyinin daha da güclənəcəyini düşünürəm”.
Yerli seçkilərlə parlament seçkilərinin eyni gündə keçirilməsinin mühüm üstünlüklər yaradacağını vurğulayan Ö.Tokel bildirib ki, seçkilərin ayrı-ayrılıqda keçirilməsi aylarla davam edən seçki mühiti və seçki qadağaları deməkdir: “Seçkilərin birləşdirilməsi nəticəsində dövlət milyonlarla lirə xərcdən xilas ola bilər. Bu vəsait seçki təşkilinə deyil, vətəndaşlara xidmətə yönəldilə bilər. Əldə ediləcək qənaət hesabına yeni məktəblər tikilə, yeni infrastruktur layihələri həyata keçirilə bilər”.
O əlavə edib ki, kiçik siyasi partiyalar da iki ayrı kampaniya aparmaq əvəzinə bütün güclərini vahid kampaniyaya yönəldərək daha ədalətli rəqabət şəraiti əldə edə bilərlər.






İlk şərhi yaza bilərsiniz