Nadir Azəri: Ankarada keçirilən NATO Sammiti yeni dünya təhlükəsizlik arxitekturasında Türkiyənin strateji rolunu daha da gücləndirdi
BAYRAQDAR MEDİA – “Dünya tarixinin ən mürəkkəb geosiyasi keçid dövrlərindən birini yaşayır. Köhnə beynəlxalq nizam tədricən sıradan çıxır, yeni təhlükəsizlik sistemi isə hələ tam formalaşmayıb. Məhz belə bir şəraitdə Ankarada keçirilən NATO Sammiti təkcə Alyansın deyil, bütövlükdə yeni dünya təhlükəsizlik sisteminin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilə bilər”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Nadir Azərinin sözlərinə görə, danılmaz həqiqətdir ki, dünya tarixinin ən mürəkkəb dövrlərində – müharibələrin, qarşıdurmaların, güc mübarizəsinin və müstəmləkəçilik siyasətinin hökm sürdüyü məqamlarda bəşəriyyət hər zaman türk dövlətçilik ənənəsinin təmsil etdiyi ədalətə, sabitliyə və nizamyaratma missiyasına ehtiyac duyub: “Bu gün də oxşar mənzərə ilə üz-üzəyik. Mövcud dünya nizamı tədricən dəyişir, yeni geosiyasi sistem formalaşır və bu keçid prosesi kifayət qədər mürəkkəb və ağrılı şəkildə davam edir.”
O qeyd edib ki, bu transformasiyanın ən diqqətçəkən cəhətlərindən biri Qərb dünyasının daxilində yaranan fikir ayrılıqlarıdır: “Xüsusilə ABŞ ilə Avropa arasında müdafiə, təhlükəsizlik və qlobal liderlik məsələlərində meydana çıxan fikir ayrılıqları uzun illər Qərbin kollektiv təhlükəsizlik sisteminin əsas dayağı olmuş NATO-nun gələcəyi ilə bağlı müxtəlif müzakirələrə səbəb olmuşdu. Ankara Sammiti ərəfəsində hətta Alyansın gələcəyi və ABŞ-ın təşkilatdakı rolunun dəyişə biləcəyi barədə fərqli ehtimallar səsləndirilirdi. Məhz belə bir mürəkkəb geosiyasi şəraitdə Türkiyənin həyata keçirdiyi balanslı və çevik diplomatiya mühüm rol oynadı. Prezident Rəcəb Tayyib Ərdoğanın həm Vaşinqton, həm də Avropa paytaxtları ilə qurduğu dialoq, eləcə də ABŞ Prezidenti Donald Trampla formalaşmış siyasi təmaslar və qarşılıqlı etimad mühiti NATO daxilində fikir ayrılıqlarının yumşaldılmasına təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Bu baxımdan Ankara Sammiti yalnız Alyansın gələcəyi üçün deyil, bütövlükdə Avroatlantik təhlükəsizlik sisteminin qorunması baxımından da mühüm siyasi mərhələ hesab oluna bilər.”
Nadir Azəri onu da bildirib ki, Ankarada keçirilən NATO Sammitində qəbul edilən qərarlar və verilən siyasi mesajlar Alyansın yeni təhlükəsizlik konsepsiyasına uyğun transformasiya mərhələsinə daxil olduğunu göstərir. Beynəlxalq analitik dairələrdə bu yanaşma şərti olaraq “NATO 3.0” modeli kimi də xarakterizə olunur: “Bu modeldə əsas məqsədlərdən biri ABŞ ilə Avropa arasında müdafiə məsuliyyətinin daha balanslı bölüşdürülməsi, Avropa müttəfiqlərinin müdafiə imkanlarının gücləndirilməsi və Rusiyaya qarşı çəkindirmə siyasətinin daha dayanıqlı mexanizmlərlə davam etdirilməsidir. Eyni zamanda Yaxın Şərqdə artan risklər NATO-nun cənub cinahının strateji əhəmiyyətini daha da artırır.”
Onun sözlərinə görə, məhz bu şəraitdə Türkiyənin rolu əvvəlki dövrlərlə müqayisədə daha da strateji xarakter alır: “Ankara Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən mühüm geosiyasi mərkəz kimi NATO-nun təhlükəsizlik arxitekturasında təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır. Sammit zamanı müdafiə sənayesi, hərbi istehsal, pilotsuz sistemlər və regional təhlükəsizlik sahələrində aparılan müzakirələr də Türkiyənin bu istiqamətlərdə malik olduğu potensialı bir daha nümayiş etdirdi. ABŞ–Türkiyə münasibətlərində müşahidə olunan normallaşma meylləri də Ankaranın Alyans daxilində siyasi çəkisinin artdığını göstərən amillərdən biri hesab oluna bilər.”
Nadir Azəri vurğulayıb ki, nəticə etibarilə Ankara Sammiti yalnız növbəti NATO toplantısı deyil, həm də Alyansın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi mühüm siyasi platforma kimi qiymətləndirilə bilər: “Bu yeni mərhələdə Türkiyə artıq yalnız cənub cinahının təhlükəsizliyini təmin edən ölkə deyil, eyni zamanda NATO-nun strateji qərarlarının formalaşmasına təsir göstərən aparıcı aktorlardan birinə çevrilməkdədir. Bu prosesin daha bir mühüm strateji nəticəsi isə Türk Dövlətləri Təşkilatının gələcək təhlükəsizlik arxitekturası ilə bağlı ola bilər. Çünki Türkiyə bu gün təkcə NATO-nun mühüm üzvlərindən biri deyil, həm də yeni dünya nizamında söz sahibi olmağa çalışan Türk Dövlətləri Təşkilatının aparıcı dövlətlərindən biridir. Bu baxımdan Ankaranın NATO daxilində artan siyasi və hərbi çəkisi dolayısı ilə Türk Dövlətləri Təşkilatının beynəlxalq təhlükəsizlik sistemində mövqeyinin də güclənməsinə töhfə verə bilər.”
O bildirib ki, Türkiyənin son illərdə milli müdafiə sənayesi, pilotsuz uçuş aparatları, yüksək texnologiyalı silah sistemləri və hərbi modernləşmə sahəsində qazandığı uğurlar onun NATO daxilində nüfuzunu daha da artıran mühüm amillərdəndir: “Ankara bu təcrübəni və texnoloji imkanları Türk Dövlətləri Təşkilatındakı müttəfiqləri, xüsusilə də Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanla bölüşür. Bu da ortaq müdafiə potensialının gücləndirilməsinə mühüm töhfə verir.”
Siyasi şərhçinin fikrincə, Ankarada keçirilən NATO Sammiti Türk Dövlətləri Təşkilatı üçün də yeni imkanlar yarada bilər: “Düşünürəm ki, növbəti mərhələdə Türkiyənin təşəbbüsü ilə NATO ilə Türk Dövlətləri Təşkilatı arasında institusional dialoqun formalaşdırılması imkanları gündəmə gələ bilər. Ortaq hərbi təlimlər, terrorizmlə mübarizə, kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi və fövqəladə hallara hazırlıq istiqamətində əməkdaşlığın genişləndirilməsi gələcək perspektivlərdən biri kimi qiymətləndirilə bilər. Bir sözlə, Türkiyənin NATO daxilində yüksələn mövqeyi təkcə Alyans üçün deyil, bütövlükdə Türk dünyasının təhlükəsizlik imkanlarının və hərbi diplomatiyasının güclənməsinə də əlavə töhfələr verə bilər. Ankara Sammiti bu baxımdan yeni siyasi və institusional imkanlar yaradan mühüm mərhələ kimi tarixə düşə bilər.”






İlk şərhi yaza bilərsiniz