BAYRAQDAR MEDİA – TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin icrası ilə yaradılan Tibbi Tədris – Simulyasiya Mərkəzi istifadəyə verilib.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, Mərkəzin yaradılmasında əsas məqsəd tibb işçilərinin, eləcə də tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, davamlı tibbi təhsil imkanlarının genişləndirilməsi və ölkə üzrə təlimlərə bərabər çıxışın təmin edilməsidir. Müasir beynəlxalq standartlara cavab verən çoxfunksiyalı bu Mərkəz manipulyasiya otağı, travma otağı, xəstəyə qulluq otağı və pediatrik təcili yardım otağından ibarətdir. Mərkəz beşinci səviyyə realizm dərəcəsinə malik simulyasiya avadanlıqları və real klinik şəraiti əks etdirən müasir tədris vasitələri ilə təchiz olunub.
Mərkəzin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev, bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Milli Məclisinin deputatları Pərvanə Vəliyeva, Könül Nurullayeva və Sevinc Hüseynova, Yeni Klinikanın direktoru Zəhra Vəzirova, “Sağlamlığa Xidmət” İB-nin direktoru Elçin Muxtarlı, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Bahadur Rzayev bildirib ki, Mərkəzin yaradılması daha keyfiyyətli tibbi xidmətlər göstərmək üçün resursların inkişafı baxımından mühüm addımdır. Burada tətbiq olunan simulyasiya əsaslı təlim modeli tibb işçilərinin praktik hazırlığının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə imkan yaradacaq və Azərbaycanda tibbi xidmətlər sahəsində insan kapitalının gücləndirilməsinə önəmli töhfə verəcək.
Bəxtiyar Aslanbəyli çıxışında qeyd edib ki, keyfiyyətli tibbi xidmətlərin əsasında hazırlıqlı və bilikli tibb mütəxəssisləri dayanır. Bu layihəyə dəstək verməkdə məqsəd tibb işçilərinin müasir təlim imkanlarına çıxışının genişləndirilməsinə və onların peşəkar bacarıqlarının inkişafına töhfə verməkdir.
Daha sonra çıxış edənlər Tibbi Tədris – Simulyasiya Mərkəzinin tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Mərkəz ilə tanış olub, mütəxəssislər tərəfindən təqdim olunan təcili tibbi yardım üzrə praktik simulyasiya ssenarisini izləyiblər. Nümayiş zamanı müasir simulyasiya avadanlıqlarının imkanları, müxtəlif klinik vəziyyətlərdə tibbi komandanın fəaliyyəti və qərarvermə prosesi əyani şəkildə təqdim olunub.






İlk şərhi yaza bilərsiniz