BAYRAQDAR MEDİA – İyulun 8-də Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə Azərbaycanın rəqəmsal inkişaf strategiyası, qarşıda duran prioritetlər və vətəndaş cəmiyyətinin bu prosesdə rolu ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.
Bu barədə AMQF-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Azərbaycanda rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu deyib. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin rəqəmsal transformasiya strategiyasının uğurla həyata keçirilməsi məqsədilə mühüm addımlar atılıb, strateji sənədlər qəbul olunub, institusional mexanizmlər formalaşdırılıb və zəruri resurslar səfərbər edilib.
Z.İbrahimli qeyd edib ki, iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında növbəti üç il üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planının icrası müzakirə olunub və aidiyyəti qurumlara mühüm tapşırıqlar verilib. O vurğulayıb ki, Birinci vitse-prezident rəqəmsal inkişafla bağlı strateji əhəmiyyət daşıyan məsələləri ön plana çəkərək, bu sahədə vahid yanaşmanın tətbiqinin və bütün qərarların Azərbaycanın milli maraqları və ehtiyacları əsasında qəbul edilməsinin vacibliyini xüsusi qeyd edib.
İdarə Heyətinin üzvü diqqətə çatdırıb ki, rəqəmsal inkişaf strategiyasından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, aparılan islahatlara ictimai dəstəyin gücləndirilməsi rəqəmsal transformasiya prosesinin uğurla davam etdirilməsi baxımından vacib amildir.
Tədbirdə həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Strateji planlama və portfellərin idarə edilməsi departamentinin rəhbəri Aygün Əliyeva, Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, qeyri-hökumət təşkilatları dövlətin rəqəmsal gündəliyinə ictimai dəstəyi gücləndirməli, rəqəmsal xidmətlərdən istifadə ilə bağlı maarifləndirmə kampaniyaları həyata keçirməli, elektron hökumət mexanizmlərini təşviq etməli, rəqəmsal hüquqların müdafiəsi, şəxsi məlumatların qorunması və kibergigiyena qaydaları barədə ictimaiyyəti məlumatlandırmalıdır.
İctimai müzakirədə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.






İlk şərhi yaza bilərsiniz