BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən orta əsrlər Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş biblioqrafik göstərici nəşr olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “”Elm” nəşriyyatında çap olunan vəsaitə Möminə xatun türbəsinin bərpası və konservasiyası, görkəmli memarın abidəsinin ucaldılması, həmçinin yubileyinin qeyd edilməsi ilə bağlı Prezidentin sərəncamları, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı daxil edilib. Vəsaitdə Ə.Naxçıvani haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, dövri mətbuatda və elmi məcmuələrdə dərc edilmiş məqalələr, dissertasiya və avtoreferatlar, həmçinin elektron resurslar toplanılıb. Bununla yanaşı, görkəmli şəxsiyyətlərin Ə.Naxçıvani haqqında söylədikləri fikirlər də nəşrdə əksini tapıb. Kitabda vəsaitin elmi məsləhətçisi, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan memarlıq məktəbinin banisi və universal zəka sahibi” adlı məqaləsi də yer alıb”.
Daha sonra xəbərdə, “Ə.Naxçıvani orta əsrlər Azərbaycan memarlığında yeni istiqamət formalaşdırmış, dövrün memarlıq üslubuna zəriflik və dinamiklik gətirmiş görkəmli sənətkardır. Onun fəaliyyəti dövlətçilik tariximizdə xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mühüm mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri olmuş Naxçıvan şəhəri ilə bağlıdır. Memarın yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin parlaq təzahürlərindən biri hesab olunur. Naxçıvandakı Möminə xatun türbəsi və Yusif ibn Küseyir türbəsi Ə.Naxçıvani dühasının məhsulu olmaqla İslam memarlığının şah əsərləri sırasında layiqli yer tutur. Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi kitabxana əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır” deyə qeyd edilir.
Biblioqrafik göstəricinin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitabxana” bölməsində tanış olmaq mümkündür.










İlk şərhi yaza bilərsiniz