Press "Enter" to skip to content

Yaşayış binalarında fəaliyyət göstərən obyektlər xüsusi tələblərə əməl etməyə borcludurlar

Vüqar Oruc

Vüqar Oruc: Şəhərsalma və tikintiyə dair normativ sənədlərdə açıq şəkildə göstərilir ki, çoxmənzilli yaşayış binalarının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində gecə saat 23:00-dan sonra fəaliyyət göstərən müəssisə və mağazaların yerləşdirilməsinə yol verilmir

BAYRAQDAR MEDİA – “Son dövrlər, xüsusilə də ötən il ötən ilin noyabrında Yasamal rayonunda çoxmərtəbəli binada baş vermiş yanğından sonra bir çox suallar səslənir. “Yaşayış binalarında yerləşən iaşə obyektləri gecə saat neçəyə qədər işləyə bilər” sualı da bu sıradadır.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc BAYRAQDAR MEDİA-ya bildirib ki, bu sahədə həm sahibkarların, həm də mənzil sahiblərinin hüquqları qanunvericiliklə qorunur.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində bütün iaşə və ticarət obyektləri üçün vahid iş saatı müəyyən edilməsə də, yaşayış binalarında fəaliyyət göstərən obyektlər xüsusi tələblərə əməl etməyə borcludurlar: “Şəhərsalma və tikintiyə dair normativ sənədlərdə açıq şəkildə göstərilir ki, çoxmənzilli yaşayış binalarının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində gecə saat 23:00-dan sonra fəaliyyət göstərən müəssisə və mağazaların yerləşdirilməsinə yol verilmir. Bu tələb yaşayış mühitinin qorunmasına, sakinlərin istirahət hüququnun təmin edilməsinə və səs-küyün qarşısının alınmasına xidmət edir”.

Yaşayış binasının birinci mərtəbəsində yerləşən restoran, kafe və digər iaşə obyektləri fəaliyyətlərini elə təşkil etməlidirlər ki, bina sakinlərinin normal yaşayış şəraiti pozulmasın

Ekspert qeyd edib ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən restoran, kafe və digər iaşə obyektləri fəaliyyətlərini elə təşkil etməlidirlər ki, bina sakinlərinin normal yaşayış şəraiti pozulmasın: “Biz tez-tez gecə saatlarında yüksək musiqi, havalandırma sistemlərinin yaratdığı səs, avtomobillərin intensiv hərəkəti və digər narahatlıqlarla bağlı şikayətlərlə rastlaşırıq. Halbuki qanunvericilik insanların gecə istirahət hüququnun qorunmasını tələb edir. Sahibkarlıq fəaliyyəti həyata keçirilərkən qonşuların hüquqları da nəzərə alınmalıdır.”

Səs-küylə bağlı sanitariya normalarına əsasən də gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşayış zonalarında insanların rahatlığını pozan səs-küyə yol verilməməlidir

Vüqar Oruc vurğulayıb ki, səs-küylə bağlı sanitariya normalarına əsasən də gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşayış zonalarında insanların rahatlığını pozan səs-küyə yol verilməməlidir: “Bu müddətdə yüksək səs, canlı musiqi, texniki avadanlıqların yaratdığı gurultu və digər narahatlıqlar qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər”.

AQC sədri hesab edir ki, sahibkarlarla bina sakinləri arasında yaranan mübahisələrin əsas səbəblərindən biri qanunvericiliyin kifayət qədər bilinməməsidir: “Əgər iaşə və ya ticarət obyekti yaşayış binasında fəaliyyət göstərirsə, onun fəaliyyəti yalnız kommersiya maraqları ilə deyil, eyni zamanda şəhərsalma normaları, sanitariya qaydaları və sakinlərin konstitusion hüquqları ilə uzlaşdırılmalıdır. Müasir şəhərsalma yanaşması da məhz bu balansın qorunmasını tələb edir.”

İqtisadçı-ekspertin sözlərinə görə, yaşayış binalarında yerləşən obyektlərin fəaliyyətinə dair tələblərə riayət olunması həm sahibkarların məsuliyyətini artırır, həm də vətəndaşların rahat və təhlükəsiz yaşayış mühitinin təmin edilməsinə xidmət edir. Buna görə də bina sakinlərinin hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınması və normativ tələblərə əməl olunması bütün tərəflərin maraqlarına uyğundur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.