BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, dahi mütəfəkkir şair Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illiyi münasibəti ilə “Xaqani Şirvani – 900” adlı virtual sərgi hazırlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “virtual sərgi Prezidentin 28 yanvar 2026-cı il tarixli “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində ərsəyə gətirilib. Virtual sərgidə X.Şirvaninin həyat yolu, zəngin yaradıcılığı, əsərlərindən seçilmiş nümunələr, sənədli film, şairin müxtəlif dövrlərdə yaradılmış portretləri, Azərbaycanda və xaricdə ucaldılmış abidələri, eləcə də adının əbədiləşdirilməsi ilə bağlı materiallar təqdim olunur. Burada həmçinin X.Şirvaninin ədəbi irsi, ictimai-fəlsəfi görüşləri və Azərbaycan poeziyasının inkişafındakı müstəsna xidmətlərini əks etdirən məlumatlar yer alıb”.
Daha sonra xəbərdə, “sərgidə dahi şairin həyatı və yaradıcılığına dair MEK-in fondlarında mühafizə olunan Azərbaycan və rus dillərində nəşr edilmiş kitablar, monoqrafiyalar, elmi tədqiqatlar, biblioqrafik göstəricilər və digər qiymətli mənbələr nümayiş etdirilir. Bunlardan “Sözün Xaqanı”, “Xaqani Şirvani. Həyatı və yaradıcılığı”, “Seçilmiş əsərləri”, “Xaqani Şirvani. Rübailər”, “Xaqani Şirvani. Biblioqrafiya”, “Xaqani Şirvani. Həyatı, dövrü və mühiti”, “XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqaninin həyat və yaradıcılığına həsr olunan milli seminarın materialları”, “Töhfətül-İraqeyn”, “Вознесение слова”, “Ветер в руке”, “Xaqani Şirvaninin ərəbcə əsərlərinin izi ilə” və başqalarını qeyd etmək olar. Bundan əlavə, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İlboyu davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrlərdən elmi işçilər, tələbələr, həmçinin X.Şirvaninin həyatı və yaradıcılığı ilə maraqlanan oxucular yararlana bilərlər” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz