Doqquz il ərzində TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri postunda fəaliyyət göstərən Murat Akkoç Türkiyə–Azərbaycan qardaşlığının səmimi təbliğatçısı kimi, həmçinin dostluğu, təvazökarlığı və insanlığı ilə yaddaşlarda silinməz iz qoyub
BAYRAQDAR MEDİA – Bu gün Murat Akkoçu Azərbaycanda çox insan tanıyır. Daha dəqiq desək, ürəyi türk dünyası ilə döyünən, Türkiyə–Azərbaycan qardaşlığının “Bir millət, iki dövlət” fəlsəfəsinə səmimi qəlbdən bağlı olan hər kəs Murat Akkoçu yaxşı tanıyır.

Qısaca desək, Murat Akkoç türk dünyasının sevdalısıdır. O, həm Azərbaycanı, həm də Türkiyəni eyni məhəbbətlə sevən, təvazökar, səmimi və insanpərvər bir şəxsiyyətdir. Dostlarının sevincini də, problemini də özünkü bilən, onların qayğılarını həll etmək üçün bəzən şəxsi vaxtından belə keçən nadir insanlardandır.
İlk görüş və doqquz il gecikən müsahibə
Bizim tanışlığımız 2017-ci ilə təsadüf edir. Həmin vaxt mətbuatdan öyrəndik ki, TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Yıldıray Aslanın fəaliyyəti başa çatıb və onun yerinə Murat Akkoç təyin olunub.
O zaman mənim bir ənənəm var idi. TRT-nin Azərbaycana yeni təyin olunan nümayəndələri ilə fəaliyyətlərinin əvvəlində, eləcə də səlahiyyət müddəti başa çatarkən müsahibələr hazırlayırdım. Bu ənənəyə sadiq qalaraq Murat bəyin də qapısını döydüm.

Lakin o, heç vaxt unutmadığım bir cavab verdi: “Nadir bəy, hələ yenicə başlamışıq. Nə danışacağıq? Gəlin əvvəlcə işləyək, Türkiyə–Azərbaycan qardaşlığına xidmət edək. Zamanı gələndə görülən işlər haqqında danışarıq. Bəlkə elə fəaliyyət göstərdik ki, heç müsahibəyə də ehtiyac qalmadı.”
Beləcə, “sonra müsahibə verərik” deyilən söhbət düz doqquz il uzandı.
Peşəkar münasibətdən qardaşlığa uzanan yol
İllər keçdikcə yollarımız müxtəlif tədbirlərdə, konfranslarda, rəsmi mərasimlərdə və türk dünyasına həsr olunan görüşlərdə dəfələrlə kəsişdi. Hər görüş onu daha yaxından tanımağa imkan verdi. Onun dəyişməyən xüsusiyyəti səmimiyyəti, təvazökarlığı və Türkiyə–Azərbaycan qardaşlığına sonsuz bağlılığı idi.

Zaman keçdikcə münasibətlərimiz peşəkar tanışlıq çərçivəsini aşdı. Aramızda səmimi dostluq yarandı, sonra isə bu dostluq qardaşlığa çevrildi. Eyni dəyərləri bölüşdük, bir çox məsələdə ortaq mövqedən çıxış etdik.
Bu illər ərzində övladlarım ali təhsil almaq üçün Türkiyəyə yollandılar. Bu gün artıq onlardan biri təhsilini başa vuraraq Azərbaycana qayıdıb. Həmin müddətdə Murat Akkoç təkcə dost kimi deyil, əsl qardaş kimi onların taleyi ilə maraqlandı. Hər görüşümüzdə ilk suallarından biri uşaqların təhsili və gələcəyi ilə bağlı olurdu. Bu münasibət bir daha göstərirdi ki, onun üçün dostluq sadəcə söz deyil, məsuliyyət və qayğı deməkdir.
44 günlük Vətən müharibəsində informasiya cəbhəsinin ön sıralarında
Doqquz il ərzində Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyası ilə bağlı keçirilən ən mühüm tədbirlərdə Murat Akkoçu hadisələrin mərkəzində gördük. O, tutduğu vəzifəyə sadəcə inzibati məsuliyyət kimi yox, qardaşlıq missiyası kimi yanaşırdı.

44 günlük Vətən müharibəsi başlayandan Zəfər gününə qədər Murat Akkoç informasiya cəbhəsinin ön sıralarında yer aldı. Rəhbərlik etdiyi TRT-nin Bakıdakı komandası ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gecə-gündüz çalışdı. Azərbaycanın informasiya mübarizəsinə peşəkarlığı, obyektivliyi və fədakarlığı ilə mühüm dəstək verdi.
Mənəvi körpülər quran insan
Müharibədən sonrakı dövrdə də onun Azərbaycanla bağlı fəaliyyəti eyni həssaslıqla davam etdi. Şəhid ailələrinə baş çəkən, onların dərdinə şərik olan, şəhidlərin xatirəsinə həsr olunan tədbirlərdə daim iştirak edən simalardan biri də Murat Akkoç idi. Elə bir mühüm tədbir tapmaq çətindir ki, orada onu görməyək.

Bəzən mənə elə gəlirdi ki, Murat Akkoç təkcə TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri deyildi. O, Türkiyə–Azərbaycan qardaşlığının könüllü səfiri idi. İki qardaş xalq arasında mənəvi körpülərin daha da möhkəmlənməsi üçün səssiz, yorulmadan çalışan insanlardan biri kimi yaddaşlarda qaldı. Ən gərgin məqamlarda belə onun təmkini və səmimi təbəssümü ətrafındakılara inam və mənəvi güc verirdi.
Bəzi missiyalar bitir, amma izlər qalır
Bu gün Murat bəy Azərbaycandakı doqquz illik missiyasını başa vuraraq Türkiyəyə qayıdır. Lakin əminəm ki, fiziki olaraq Azərbaycandan ayrılsa da, Azərbaycan sevgisi onun ürəyindən heç vaxt ayrılmayacaq. Necə ki, burada olduğu illərdə qardaşlığın keşiyində dayanırdı, bundan sonra da Azərbaycanla bağlı hər bir mühüm təşəbbüsün və layihənin mərkəzində yer alacaq.

Könül istər ki, Murat Akkoçun yolu yenidən Azərbaycandan keçsin. Türkiyənin Azərbaycanda fəaliyyət göstərən istənilən qurumunda onun zəngin təcrübəsindən, Azərbaycanı dərindən tanımasından və bu ölkəyə olan səmimi sevgisindən yenidən faydalanmaq mümkün olsun.

Çünki bəzi insanların missiyası vəzifə ilə məhdudlaşmır. Onlar getdikləri ölkədə dostluq, etibar və qardaşlıq mirası qoyurlar. Murat Akkoç da məhz belə insanlardandır.
O, tutduğu vəzifə ilə deyil, qəlblərdə qoyduğu izlərlə xatırlanacaq.










İlk şərhi yaza bilərsiniz