BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) və Bakı İlahiyyat Kollecinin tələbələri Aİİ, Türkiyə Dəyanət Vəqfi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində baş tutacaq beynəlxalq “Yay məktəbi”ndə iştirak edəcəklər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, ““Yay məktəbi” 20 iyul–5 avqust 2026-cı il tarixlərində təşkil olunacaq. Layihə çərçivəsində tələbələr üçün zəngin tədris və mədəni proqram nəzərdə tutulub. Proqramda “Türkiyədə və Amerikada İslam araşdırmaları”, “Ərəb dünyasında kitab və nəşriyyat mədəniyyəti”, “Əlyazma əsərlər ənənəsi”, “İlahiyyat təhsili”, “Fiqh təhsilinin metodologiyası”, “İslam şəhərsalma ənənəsi və memarlığı”, “Müasir dünyada əxlaqi dəyərlər”, “İnsan və cəmiyyətin dərk edilməsi” kimi mövzularda tanınmış alim və mütəxəssislərin mühazirələri keçiriləcək”.
Daha sonra xəbərdə, “tədris proqramı ilə yanaşı, tələbələrin nəzəri biliklərinin praktik mühitdə zənginləşdirilməsi məqsədi ilə Türkiyə Dəyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzinə (İSAM), Rami Kitabxanasına, 29 Mayıs Universitetinə, Sahni-Səman mədrəsələrinə, Fuat Sezgin Elm Tarixi Muzeyinə, eləcə də Bursa şəhərinin tarixi məkanlarına ekskursiyalar nəzərdə tutulub. Proqram müddətində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, elmi-mədəni dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq akademik mühitlə yaxından tanış olmaları məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcək” deyə diqqətə çatdırılır.
Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmpotensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.






İlk şərhi yaza bilərsiniz