BAYRAQDAR MEDİA – Fəaliyyətinin artıq 2 ili tamam olan AZƏRPRESS Media Qrupu Whatsapp platforması üzərindən ölkənin bütün media nümayəndələrinin (jurnalistlərin, mətbuat katiblərinin və kommunikasiya sahəsində fəaliyyət göstərən məsul şəxslərin) birliyini təşkil edərək, peşəkar informasiya mühitinin formalaşmasına dəstək göstərməyə davam edir.
BAYRAQDAR MEDİA xəbər verir ki, yerli KİV-lərə bu barədə açıqlama verən AZƏRPRESS Media Qrupunun təsisçi rəhbəri, jurnalist Emil Məlikov qrupun əsas məqsədinin mətbuat nümayəndələri arasında operativ informasiya mübadiləsini təmin etmək, peşəkar media həmrəyliyini gücləndirmək və qarşılıqlı əməkdaşlığa töhfə vermək olduğunu vurğulayıb: “Qısa zaman ərzində fəaliyyətimizi məsuliyyət, obyektivlik və peşəkarlıq prinsipləri üzərində quraraq, digər oxşar media qrupları arasında öz etibarlılığı, ədalətli və sanballı fəaliyyəti ilə seçilən informasiya mühiti formalaşdırmağa nail olmuşuq. Sevindirici haldır ki, AZƏRPRESS Media Qrupu yaranan gündən media sahəsi üzrə səviyyəli və peşəkar mətbuat nümayəndələrini öz ətrafında cəmləyə bilib. Bu gün media platformamızda ölkənin aparıcı media qurumlarının nümayəndələri, müxtəlif dövlət strukturlarının mətbuat xidmətlərinin əməkdaşları, televiziya, radio, qəzet, informasiya agentlikləri və onlayn media resurslarında çalışan jurnalistlər təmsil olunurlar. Sayımız artmaqda davam edir. Bu isə AZƏRPRESS Media Qrupunun bu cameədə qazandığı etimadın göstəricisidir”.
İştirakçı baxımından əsas meyarın kəmiyyət deyil, keyfiyyət olduğunu qeyd edən platforma rəhbəri media qrupunda mətbuat nümayəndələrinin birliyinin qarşılıqlı hörmət və peşəkar əməkdaşlıqla cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfə verdiyindən danışıb.
“Bu prinsiplərə sadiq qalaraq fəaliyyətimizi daha da inkişaf etdirmək niyyətindəyik. Hələ ki, yalnız Whatsapp platforması üzərindən davam etsək də, gələcək planlarımız sırasında yeni layihələr həyata keçirmək və AZƏRPRESS-i informasiya agentliyi formatında inkişaf etdirmək də yer alır. Media sahəsində çalışan bütün həmkarlarımızı media qrupumuzda görməkdən məmnun olarıq”, – deyə E.Məlikov bildirib.
Qeyd edək ki, AZƏRPRESS Media Qrupu mətbuat nümayəndələrinin birliyi və iş mübadiləsi üçün nəzərdə tutulan peşəkar media platformasıdır.






İlk şərhi yaza bilərsiniz