Press "Enter" to skip to content

Milli irsin qorunmasına çağırış

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə “Kəlağayım millidir, butalıdır, güllüdür” adlı dəyirmi masa keçirilib. Azərbaycan Milli QHT Forumunun konfrans zalında keçirilən tədbirdən əvvəl qədim və müasir Azərbaycan kəlağayılarından ibarət sərgi, rəssam Gülnarə Məmmədovanın kəlağayı mövzusunda yaratdığı rəsm əsərlərinin ekspozisiyası və kəlağayıya həsr olunmuş kitab sərgisi nümayiş etdirilib. Sərgilər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Azərbaycan kəlağayısı xalqımızın milli yaddaşının, qadın zərifliyinin və milli kimliyimizin rəmzidir. O vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə layiq olduğu dəyəri qazanıb.

Güllü Eldar Tomarlı qeyd edib ki, son illər universitetlərdə, ümumtəhsil məktəblərində və müxtəlif maarifləndirici layihələr çərçivəsində kəlağayının təbliği istiqamətində birliyimiz tərəfindən mühüm işlər görülür. Hazırda Azərbaycan Televiziyası tərəfindən kəlağayı haqqında sənədli film hazırlanır.

Ardınca iştirakçılara Azərbaycan kəlağayısının tarixi, estetik və mənəvi dəyərini əks etdirən videoçarx nümayiş etdirilib.

Dəyirmi masada alimlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və gənclər çıxış edərək kəlağayının xalqımızın tarixini, ailə dəyərlərini və milli kimliyini yaşadan əvəzsiz mədəni irs nümunəsi olduğunu vurğulayıblar.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyi ictimaiyyətə müraciət edərək hər kəsi Azərbaycan kəlağayısının qorunmasına, təbliğinə və gələcək nəsillərə olduğu kimi ötürülməsinə dəstək verməyə çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.