BAYRAQDAR MEDİA – Dünya Türk Gəncləri Birliyi (DTGB) Qaqauz Yeri Muxtar Bölgəsində son dövrlər baş verən hadisələrlə bağlı türk və dünya ictimaiyyətinə bəyanat ünvanlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya DTGB-dən məlumat verilib.
Məlumata görə, bəyanatda bildirilir ki, Moldova Konstitusiya Məhkəməsinin Qaqauz Xalq Məclisinin yerli seçki orqanını formalaşdırmaq, eləcə də təhlükəsizlik və ədliyyə qurumlarının regional rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edən qərarı Qaqauz Muxtariyyətinin konstitusion statusuna və demokratik fəaliyyət mexanizminə ciddi zərbə vurur.
DTGB həmçinin qeyd edib ki, Qaqauz xalqının demokratik və qanuni yollarla seçdiyi rəhbərlərin azadlıqlarından məhrum edilməsi, səlahiyyət müddəti 2025-ci ilin noyabrında başa çatan Qaqauz Xalq Topluşu seçkilərinin hələ də yenilənməməsi, eləcə də 2026-cı ilin mart ayında keçirilməsi planlaşdırılan Başqan seçkilərinin ləğv edilərək qeyri-müəyyən tarixə təxirə salınması xalqın iradəsinə qarşı narahatlıq doğuran addımlardır.
Bəyanatda vurğulanır ki, Dünya Türk Gəncləri Birliyi Qaqauz türklərinin demokratik iradəsinə və muxtar statusuna yönəlmiş bu müdaxilələri qəbuledilməz hesab edir. Təşkilat BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı (TDT) və beynəlxalq insan hüquqları təşkilatlarını baş verən hadisələri yaxından izləməyə, demokratik proseslərin bərpası üçün zəruri təşəbbüslər göstərməyə çağırıb.
DTGB bəyan edib ki, baş verənlər İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 9, 10 və 21-ci maddələri, həmçinin BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 25-ci maddəsi ilə təminat altına alınan demokratik təmsilçilik, seçmək və seçilmək hüququ, eləcə də hüququn aliliyi prinsipləri baxımından ciddi suallar yaradır.
Təşkilat Qaqauz türklərinin demokratik iradəsinə qarşı yönəlmiş müdaxilələri qətiyyətlə pislədiyini bildirərək, Moldova hakimiyyətini hüququn aliliyinə, demokratik prinsiplərə və beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə uyğun davranmağa çağırıb.
Bəyanatda, həmçinin qeyd olunub ki, baş verən hadisələrin Moldova xalqı ilə Qaqauz xalqı arasında əsrlər boyu formalaşmış dostluq və qarşılıqlı etimad münasibətlərinə xələl gətirməsinə yol verilməməlidir. Bildirilib ki, problemin mənbəyi xalqlar deyil, demokratik hüquq dövləti prinsipləri ilə uzlaşmayan addımlar atan Moldova hökumətidir. Eyni zamanda, Moldova və Qaqauz xalqları arasında qardaşlıq münasibətlərinə və birgəyaşayış mədəniyyətinə zərər vura biləcək bəyanat və hərəkətlərdən çəkinməyin ortaq gələcək baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Bəyanat DTGB-nin səlahiyyətli orqanları adından təşkilatın başqanı, DTGB Vəqfinin Himayəçilər Şurasının sədri Ersin Güzel tərəfindən imzalanıb.






İlk şərhi yaza bilərsiniz