Press "Enter" to skip to content

“Bakı Dialoqları” jurnalının 2026-cı il yay buraxılışı

“Bakı Dialoqları” jurnalının 2026-cı il yay buraxılışı

BAYRAQDAR MEDİA – ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) rüblük ingilisdilli nəşri olan “Bakı Dialoqları” jurnalının 2026-cı il yay buraxılışı dərc olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “jurnalın yeni sayı İpək Yolu regionunu və daha geniş beynəlxalq nizamı formalaşdıran mühüm geosiyasi, iqtisadi və strateji prosesləri təhlil etmək üçün aparıcı alimləri və nüfuzlu beyin mərkəzlərinin mütəxəssislərini bir araya gətirir. Nəşrin açılış bölməsi olan “Köhnə nizamlar, yeni qırılmalar” müasir beynəlxalq sistemin dəyişən təməllərini nəzərdən keçirir. Bölmədə yer alan “McLarty Associates” şirkətinin direktoru Məhəmməd Solimanın “Amerika gücünün 250 yaşında siyasi təməlləri” adlı məqaləsində ABŞ-nin uzunmüddətli strateji gücünün siyasi yenilənmə və institusional dözümlülükdən necə asılı olduğu araşdırılır. Seton Hall Universitetinin alimi Purnaka L. de Silva və ABŞ-ın sabiq yüksək rütbəli diplomatı Ceydev “Cey” Sinqh (Jaidev “Jay” Singh) isə Tramp-Si Pekin sammitinin qlobal nəticələrini təhlil edirlər. Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktor müavini Murad Muradovun “İran müharibəsinin strateji mənası” adlı yazısında isə son regional münaqişələrin yeni yaranan beynəlxalq nizamı necə yenidən formalaşdıra biləcəyi qiymətləndirilir”.

Daha sonra xəbərdə, “buraxılışın ikinci bölməsi Azərbaycanın inkişaf edən iqtisadi və enerji strategiyasına həsr olunub. “CETCO” sənaye qrupunun Xəzər regionu üzrə baş texniki nümayəndəsi Artem Kraşakovun “İnkişafın yeni mərhələsi kimi Azərbaycanın enerji sektorunun dərindən diversifikasiyası” adlı məqaləsi ölkənin karbohidrogenlərdən kənara çıxan və genişlənən yaşıl enerji gündəliyini tədqiq edir. Kvanju Elm və Texnologiya İnstitutunun (GIST) professoru Eliot Ahnın “Bakının ‘Qara qızıldan kənar’ modeli” məqaləsi Azərbaycanın dövlət kapitalizminə və iqtisadi transformasiyaya yanaşmasını araşdırır. Beynəlxalq hüquq və təhlükəsizlik üzrə ekspert Samirə Y. Səfərovanın “Suriyanın enerji təhlükəsizliyinin dəstəklənməsi” adlı məqaləsində isə enerji sahəsindəki tərəfdaşlıq Ankara-Bakı münasibətlərinin yeni formalaşan strateji sütunu kimi təhlil olunur. Jurnalın “Təzyiq altındakı Xəzər” bölməsində ADA-nın professoru Rodriqo Labardininin “Xəzərin quruması: Sosial, siyasi və hüquqi çağırışlar” adlı məqaləsi təqdim olunur. Müəllif Xəzər dənizində su səviyyəsinin enməsinin ekoloji, siyasi və hüquqi nəticələrini araşdırır, habelə bu qlobal problemlə mübarizədə daha sıx regional əməkdaşlığın vacibliyini vurğulayır”deyə qeyd edilir.

Xəbərdə eləcə də deyilir ki, “nəşr IDD-nin Siyasi Araşdırmalar və Təhlil üzrə direktoru Damyan Krnyeviç Mişkoviçin fərdi mülahizələri ilə yekunlaşır. Müəllif “Qərbi Balkanlarda və Cənubi Qafqazda barışıqdan istifadə və sui-istifadə” adlı məqaləsində hər iki regiondakı barışıq proseslərinin imkanları və məhdudiyyətləri barədə düşünür, qayıdış və münaqişədən sonrakı sülh quruculuğunun mürəkkəb aspektlərinə dair dərindən təhlil olunmuş baxış bucağı təqdim edir. “Bakı Dialoqları” jurnalının bu buraxılışı İpək Yolu regionunu yenidən formalaşdıran geosiyasi, geoiqtisadi və ekoloji transformasiyalara dair aktual siyasi mülahizələr təqdim edir və qlobal nizamın gələcəyinə dair müzakirələrə dəyərli töhfə verir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.