BAYRAQDAR MEDİA – 95-ci yubiley ilini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrı ölkədaxili qastrol proqramı çərçivəsində növbəti çıxışını Pirallahı Rayon Gənclər Evində reallaşdırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Teatrın qastrol proqramının əsas məqsədi paytaxtdan kənarda yaşayan balaca teatrsevərlərə peşəkar səhnə nümunələrini təqdim etmək, uşaqlarda teatr mədəniyyətinə marağı artırmaq və milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini geniş auditoriyaya çatdırmaqdır. Tədbiri giriş sözləri ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov milli teatrı Azərbaycanın mədəni yaddaşını yaşadan sənət ocağı kimi qiymətləndirərək bu cür tədbirlərin rayonun mədəni inkişafına töhfə verdiyini bildirib. O, kukla teatrı ənənələrinin uşaqların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsində rolunu vurğulayıb. 14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva milli irsin təbliğinin dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Azərbaycanın qocaman teatr ocaqlarından olan Kukla Teatrının zəngin yaradıcılıq ənənələrinə diqqət çəkib. Millət vəkili təmsil etdiyi rayonlarda mədəni həyatın canlandırılmasına yönəlmiş layihələrin, o cümlədən teatr tamaşalarının təşkilinə hər zaman dəstək verdiyini bildirərək bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb”.
Sonra xəbərdə, “tamaşaçılar Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən biri olan “Dovşanın ad günü” nağıl-poeması əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər. Rəngarəng səhnə tərtibatı, musiqili nömrələri və maraqlı süjet xətti ilə seçilən tamaşa Pirallahılı balaca teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin övladları, yerli ictimaiyyət, çoxsaylı balaca teatrsevərlər iştirak ediblər. Tamaşanın səhnələşdirmə və quruluş müəllifi S.Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abbasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi isə Sevinc Nuruqızıdır” deyə bildirilir.
Birhissəli kukla tamaşasında obrazları Cavid İbrahimov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibova, Səbinə Məmmədova, Firuzə Nəsibli-Abbasova və Elnur Xəlilov canlandırıblar.






İlk şərhi yaza bilərsiniz