Press "Enter" to skip to content

“Musa Cəlil ömürlüyü…”

BAYRAQDAR MEDİA – “Elm və Təhsil” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri – “Musa Cəlil ömürlüyü…” kitabı çıxıb. Kitab XX yüzil tatar ədəbiyyatının ölməz nümayəndəsi, faşizmə qarşı mübarizənin rəmzinə çevrilmiş Şair-Qəhrəman Musa Cəlilin anadan olmasının 120 illik yubileyinə həsr olunub.

Bu barədə DGTYB-dən məlumat verilib.

Bildirilib ki, kitab Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyin, Daimi Nümayəndə Murad Qadılşinin dəstəyi ilə nəşr olunub. Layihənin rəhbəri, redaktoru və ön söz müəllifi Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalıdır. Musa Cəlil haqqında xatirələri Azərbaycan dilinə “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd Dağlaroğlu çevirib.

Nəşrin məsləhətçiləri Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Tatarıstan Dövlət Şurasının deputatı Rkail Zəydulla və Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin əməkdaşı Elmira Yusifli, rəyçiləri Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimi, Musa Cəlil adına Respublika Mükafatı laureatı, şair-tərcüməçi və ədəbiyyatşünas Lenar Şeyx, DGTYB başqanı, şair İntiqam Yaşar, layihənin koordinatoru isə Azərbaycan Tatar İcmasının fəalı Rəşad Yusiflidir.

Kitabın hazırlanmasında görkəmli tatar araşdırmaçı-yazarı Rafael Mustafinin Kazanda nəşr olunmuş “Qırmızı çobanyastığı: Şair-Qəhrəman Musa Cəlil haqqında hekayələr” əsərində toplanmış materiallardan yaradıcı şəkildə istifadə edilib. Bu yanaşma Azərbaycan oxucusuna Musa Cəlilin həyat salnaməsini daha dolğun və güvənilir qaynaqlar əsasında təqdim etməyə imkan verib. Əlamətdar haldır ki, bu il həm də Rafael Mustafinin anadan olmasının 95, vəfatının isə 15-ci ildönümüdür.

Nəşrdə Musa Cəlilin ömür və yaradıcılıq yolunu müxtəlif rakurslardan işıqlandıran dəyərli xatirələr, sənədli mətnlər və araşdırmalar toplanıb. Müəlliflər sırasında Əminə Cəlil, Qazı Kəşşaf, Konstantin Simonov, Rafael Mustafin və başqa tanınmış qələm sahiblərinin yazıları yer alır.

Kitabın əsas məqsədi böyük şairin həyat yolunu və yaradıcılığını təqdim etməklə birgə, onun şəxsiyyətini – ailə başçısı, dost, vətəndaş, mübariz insan, bir sözlə, mənəvi örnək kimi oxucuya tanıtmaqdır. Nəşr oxucunu “Moabit dəftərləri”nə aparan mənəvi yolun başlanğıcı ilə tanış edir, Musa Cəlilin iradəsini, yaradıcılıq məsuliyyətini və azadlıq uğrunda mübarizəsini yeni baxış bucağından tanıdır.

DGTYB uzun illərdir türk xalqlarının ortaq ədəbi-mədəni irsinin öyrənilməsi, qarşılıqlı tanıdılması və yeni nəslə çatdırılması yönündə ardıcıl layihələr həyata keçirir. “Musa Cəlil ömürlüyü…” də bu missiyanın davamı olaraq Türk dünyasının ortaq mənəvi yaddaşına xidmət edən nəşrlər sırasına qoşulur. Birlik son illərdə Azərbaycanla digər türk ölkə və topluluqları arasında ədəbi-mədəni bağların gücləndirilməsinə xidmət edən çoxsaylı kitablar, antologiyalar və beynəlxalq layihələr gerçəkləşdirib.

Kitabın nəfis bədii tərtibatı da onun ideya yükü ilə həmahəngdir. Üz qabığında Musa Cəlilin portreti ilə azadlıq uğrunda mübarizəni simvolizə edən abidə kompozisiyasının və tikanlı məftil motivinin vəhdəti nəşrin əsas fəlsəfəsini – əsarət üzərində mənəvi qalibiyyəti dolğun şəkildə ifadə edir.

“Musa Cəlil ömürlüyü…” Azərbaycan oxucusunun tatar xalqının böyük oğlu Musa Cəlilə sayğısının, eyni zamanda Türk dünyasının ortaq ədəbi-mədəni yaddaşına sədaqətinin daha bir ifadəsidir. Bu nəşr həm yubiley kitabıdır, həm də yaddaşı yaşadan, qəhrəmanlıq, ləyaqət və mənəvi məsuliyyət duyğusunu gələcək nəsillərə ötürən dəyərli sənədli topludur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.