Press "Enter" to skip to content

Bayramı tədbirləri prezidentin çıxışı ilə başlayıb

Tufan Erhürman

Tufan Erhürman: Bu xalq bu adada həmişə var olub və görməzlikdən gəlinməyi, yox sayılmağı heç vaxt qəbul etməyəcək

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman 20 İyul Sülh və Azadlıq Bayramının 52-ci ildönümü münasibətilə etdiyi çıxışda Kıbrıs türk xalqının bərabərlik, təhlükəsizlik və adadakı hüquqlarından heç bir şəraitdə imtina etməyəcəyini vurğulayıb. O bildirib ki, “Bu xalq bu adada həmişə var olub və görməzlikdən gəlinməyi, yox sayılmağı heç vaxt qəbul etməyəcək.”

Prezident Erhürman qeyd edib ki, Kıbrıs türk xalqını azadlıq və təhlükəsizliyə qovuşduran 20 iyul 1974-cü il Kıbrıs Barış Hərəkatının 52-ci ildönümünə həsr olunmuş rəsmi tədbirlər onun BRTK telekanalında etdiyi müraciətlə başlayıb.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, Tufan Erhürman xalqın iradəsinin aydın olduğunu bildirərək deyib:”Xalqımızın tələbi aydındır. Bu xalq heç bir şəraitdə bu ada üzərindəki hüquqlarından, bərabərlikdən və təhlükəsizlikdən imtina etməyəcək. Heç vaxt azlıq olmağı qəbul etməyəcək. Övladlarının dünya ilə əlaqəsinin kəsilməsinə, dünyadan təcrid olunmasına razı olmayacaq. Bu xalq bu adada həmişə var olub və görməzlikdən gəlinməyi, yox sayılmağı qəbul etməyəcək.”

Erhürman Kıbrıs türk xalqının həll iradəsinə də toxunaraq bildirib:”Biz həll istəyirmiş kimi görünməyi yox, həqiqi həlli istəyirik. Danışıqlar tarixindən çıxardığımız dərslərə əsaslanaraq əvvəlcə etimadı artıracaq ciddi addımlar ataq, sonra isə oyun başlamazdan əvvəl onun qaydalarını müəyyənləşdirək ki, yeni məyusluqlar yaranmasın.”

Çıxışının davamında Erhürman vurğulayıb ki, onlar səmimi şəkildə həll yolunun tapılması üçün çalışırlar və bu prosesi Türkiyə Cümhuriyyəti ilə məsləhətləşmələr və tam koordinasiya şəraitində aparırlar. O, BMT-nin Baş katibi Antonio Quterreşin səylərini ciddi şəkildə dəstəklədiklərini, lakin həllsizliyin yükünün Kıbrıs türk xalqına və uşaqlara ödətdirilməsini qətiyyətlə rədd etdiklərini bildirib.

Erhürman əlavə edib:”Artıq sadəcə danışıqlar olsun deyə danışıqlar, 5+1 görüşü olsun deyə 5+1 formatını istəmirik. Cənab Quterreşin dediyi kimi nəticəyönümlü olmaq, xalqımızın həll iradəsinə uyğun nəticə əldə etmək, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın da vurğuladığı kimi, 1963-cü ildən davam edən Kıbrıs məsələsində ədalətli, davamlı və dayanıqlı həllə nail olmaq istəyirik.”

Kıbrıs Barış Hərəkatının qısa tarixi: Türkiyə 1960-cı il Sürix və London müqavilələri ilə müəyyən edilmiş zəmanətçi dövlət hüquqlarından istifadə edərək, adadakı konstitusiya quruluşunu və türk xalqının mövcudluğunu qorumaq məqsədilə 20 iyul 1974-cü ildə Kıbrıs Barış Hərəkatını həyata keçirib.

1960-cı ildə türklər və rumların birgə yaratdığı Kipr Respublikası, adanı Yunanıstana birləşdirmək istəyən rumların türkləri əvvəlcə dövlət idarəçiliyindən uzaqlaşdırması, daha sonra isə qətllər, sürgünlər və düşərgələrdə yaşamağa məcbur etməsi nəticəsində 1963-cü ildə süqut edib.

1963–1974-cü illərdə EOKA terror təşkilatı və bəzi rum rəsmilərinin iştirakı ilə həyata keçirilən hücumlar nəticəsində 30 mindən çox Kıbrıs türkü təhlükəsizlik səbəbindən 100-dən artıq kəndi tərk etməyə məcbur olub və silahlı rum qüvvələrinin mühasirəsində yerləşən təcrid olunmuş düşərgələrdə yaşayıb.

1974-cü il 15 iyulda Yunanıstandakı hərbi xuntanın dəstəklədiyi EOKA lideri Nikos Sampsonun dövlət çevrilişindən sonra adadakı türklərin vəziyyəti daha da ağırlaşıb. Qanuni prezident III Makarios zəmanətçi dövlətləri – Türkiyə, Yunanıstan və Böyük Britaniyanı müdaxiləyə çağırıb. 20 iyul 1974-cü il səhər saatlarında Türk Silahlı Qüvvələri dəniz və hava desant əməliyyatı həyata keçirərək Türk Müqavimət Təşkilatının mücahidləri ilə birləşib. Atəşkəsin pozulmasından sonra isə 14 avqustda ikinci mərhələ başlayıb və 16 avqustda Mağusa–Lefkoşa–Güzelyurt xəttinə çatılması ilə əməliyyat qələbə ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.