Press "Enter" to skip to content

Akdenizdə Yaşıl Ada

Nadir Azəri

20 İyul – Kıbrıs türkünün varlıq mübarizəsinin simvolu

BAYRAQDAR MEDİA – 20 iyul türk dünyasının tarixində xüsusi məna və əhəmiyyət daşıyan günlərdən biridir. Çünki düz 52 il əvvəl, məhz bu tarixdə Kıbrıs Barış Hərəkatı başladı. Bu Hərəkat Kıbrıs türkünün hüquq və təhlükəsizliyinin qorunması, adadakı türk varlığını məhv etməyə yönəlmiş planların qarşısının alınması məqsədi daşıyan tarixi bir addım idi.

Kıbrıs Barış Hərəkatı bütün dünyaya türk millətinin iradəsini və qətiyyətini bir daha nümayiş etdirdi. Dünya növbəti dəfə gördü ki, türklər heç zaman işğalla barışmır, öz torpaqlarının başqalarına verilməsini qəbul etmir, yaşamaq və var olmaq haqqından imtina etmir. Kıbrısdan dünyaya belə bir mesaj verildi: “Türk milləti Vətəninin düşmən tapdağı altında qalması ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq!”

Bu gün Kıbrıs türklərini bu tarixi bayram münasibətilə təbrik etməklə yanaşı, 27 il əvvəl – Kıbrıs Barış Hərəkatının 25 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində yaşadıqlarımdan da danışmaq istəyirəm.

Azərbaycanın media təmsilçiləri KKTC-də. Foto 1999-cu ildə Lefkoşada çəkilib.
Azərbaycanın media təmsilçiləri KKTC-də. Foto 1999-cu ildə Lefkoşada çəkilib.

1999-cu ildə Azərbaycandan Kuzey Kıbrısa yola düşən 25 nəfərlik nümayəndə heyətinin tərkibində olmaq mənə də qismət oldu. Bu, ölkəmizin ən nüfuzlu nümayəndə heyətlərindən biri idi. Heyətdə görkəmli sənətkarlarımız Zeynəb Xanlarova və Nazpəri Dostəliyeva, mərhum mətbuat və informasiya naziri Sirus Təbrizli, sabiq nazir Sabir Rüstəmxanlı, akademik Teymur Bünyadov, ziyalı Səyyad Aran, mərhum Anar Məmmədxanlı, mərhum Fəttah Heydərov və digər tanınmış şəxslər yer alırdı. Jurnalist heyətində də maraqlı simalar vardı – Yadigar Məmmədli, Radik İsmayıl və başqaları.

Həmin vaxt KKTC-nin Qurucu Cümhurbaşqanı Rauf Denktaş Azərbaycanın media təmsilçilərini ayrıca qəbul etmişdi
Həmin vaxt KKTC-nin Qurucu Cümhurbaşqanı Rauf Denktaş Azərbaycanın media təmsilçilərini ayrıca qəbul etmişdi

KKTC-yə ilk səfərim zamanı orada hökm sürən milli ruhu və mübarizə əzmini yaxından gördüm. Barış Hərəkatının izlərini daşıyan kəndləri ziyarət etdik. Viran qalmış yaşayış məntəqələrini gördükcə gözümün önünə Xocalı faciəsi gəlirdi. Bir daha əmin olduq ki, türk harada yaşayırsa, ona qarşı həyata keçirilən düşmənçilik siyasətinin mahiyyəti dəyişmir. Necə ki, ötən əsrin 50–70-ci illərində Kıbrıs türklərinə qarşı vəhşiliklər törədilmişdi, eyni mahiyyətli cinayət 1992-ci ildə Xocalıda Azərbaycan türklərinə qarşı törədildi.

Səfər çərçivəsində Kıbrıs Barış Hərəkatının memarlarından biri, Türkiyənin sabiq Baş naziri Bülənt Ecevitlə də qısa da olsa görüşmək nəsib oldu. Tarix yazan bir dövlət adamını yaxından görmək mənim üçün unudulmaz xatirəyə çevrildi.

Dönəmin Baş naziri, KKTC-nin ən nüfuzlu siyasi xadimlərindən biri Derviş Eroğlu ilə xatirə fotosu da 1999-cu ilin iyulunda çəkilib
Dönəmin Baş naziri, KKTC-nin ən nüfuzlu siyasi xadimlərindən biri Derviş Eroğlu ilə xatirə fotosu da 1999-cu ilin iyulunda çəkilib

Lakin səfərin ən təsirli anlarından biri KKTC-nin Qurucu Cümhurbaşqanı mərhum Rauf Denktaşla görüşümüz oldu. Rəsmi proqram çərçivəsində bütün nümayəndə heyətləri ilə ümumi görüş keçirildi. Görüş başa çatdıqdan sonra Rauf Denktaş dedi: “Mən Azərbaycandan gələn bacı-qardaşlarımla ayrıca bir qədər də söhbət etmək istəyirəm.”

Bu sözlərin özü belə onun Azərbaycana bəslədiyi xüsusi sevginin ifadəsi idi.

Həmin söhbət zamanı Qarabağın mütləq işğaldan azad olunacağına inandığını söylədi və bu gün də yaddaşımdan silinməyən sözləri dedi: “Türkə ağlamaq yaraşmaz, türkə sızlamaq yaraşmaz, türkə öz torpağından ayrı düşmək yaraşmaz. Mən əminəm ki, Azərbaycan xalqı öz torpaqlarını düşməndən azad edəcək.”

Bu foto isə elə həmin vaxt Türkiyənin KKTC-dəki Səfirliyində çəkilib
Bu foto isə elə həmin vaxt Türkiyənin KKTC-dəki Səfirliyində çəkilib

İllər keçdi və tarix Rauf Denktaşın bu inamını təsdiqlədi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad etdi və dünyaya bir daha göstərdi ki, türk heç vaxt işğalla barışmır.

Kıbrısda olduğumuz günlərdə bir həqiqəti də yaxından hiss etdim. Kıbrıs türklərinin qonaqpərvərliyi azərbaycanlıların qonaqpərvərliyindən seçilmir. Danışığımızda, ədəbiyyatımızda, milli düşüncəmizdə və həyat tərzimizdə böyük oxşarlıqlar var.

Bu oxşarlığın təməlində isə ortaq tarix, ortaq mədəniyyət və ortaq milli ruh dayanır.

Burada mücahidlərdən biri 1974-cü ildə çəkilmiş və muzeydə saxlanılan öz fotosunu mənə göstərir
Burada mücahidlərdən biri 1974-cü ildə çəkilmiş və muzeydə saxlanılan öz fotosunu mənə göstərir

Necə ki, 1974-cü ilin Kıbrıs Barış Hərəkatı türk tarixinin şanlı səhifəsinə çevrildi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi də türk dünyasının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Azərbaycan əsgəri bütün dünyaya göstərdi ki, türkü müəyyən müddət geri salmaq mümkündür, lakin onun iradəsini sındırmaq mümkün deyil. Türkün qələbəsi gecikə bilər, amma mütləq gəlir.

Bu gün Kuzey Kıbrıs Türk Cumhuriyyəti artıq Türk Dövlətləri Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvüdür. Arzum budur ki, yaxın gələcəkdə bu təşkilatlarda da tamhüquqlu üzv kimi təmsil olunsun.

Xatirmidədir, 1999-cu ildə KKTC-də olarkən dostum Radik İsmayılla birlikdə yerli televiziyada çıxışlarımızın birində belə demişdim: “Heç vaxt ümidsiz olmayın. Dövlətçilik haqqınız mütləq tanınacaq. Azərbaycan hər zaman sizin yanınızda olacaq.”

Bu gün Prezident İlham Əliyevin və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qətiyyətli siyasəti nəticəsində Kuzey Kıbrıs Türk Cumhuriyyəti artıq Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq platformalarda öz Prezidenti, öz Baş naziri və öz bayrağı ilə təmsil olunur.

Kıbrıs türk xalqının 52 il əvvəl torpaq uğrunda başladığı mübarizə bu gün yeni mərhələyə qədəm qoyub. İndi əsas məqsəd dövlətçilik hüququnun bütün dünya tərəfindən tanınmasıdır.

Bu yazının sonunda Kıbrıslı bacı-qardaşlarımızı ürəkdən təbrik edir və onlara bir çağırış etmək istəyirəm. Necə ki, 1974-cü ildə 7-dən 77-yə qədər bir yumruq kimi birləşərək torpaqlarınızı qorudunuz, bu gün də Prezidentinizlə, Baş nazirinizlə, iqtidarınızla, müxalifətinizlə, bütövlükdə xalq olaraq eyni həmrəylik nümayiş etdirin və beynəlxalq hüququn sizə verdiyi haqqı qətiyyətlə tələb edin. Çünki bu, sizin qanuni və tarixi haqqınızdır.

Mən buna inanıram.

Bu foto isə 2025-ci ildə çəkilib. KKTC Cümhurbaşqanlığının yeni məkanında gözəl bir tədbir keçirdik. Dövrün Cümhurbaşqanı Ersin Tatar cənabları da gözəl bir məruzə etdi
Bu foto isə 2025-ci ildə çəkilib. KKTC Cümhurbaşqanlığının yeni məkanında gözəl bir tədbir keçirdik. Dövrün Cümhurbaşqanı Ersin Tatar cənabları da gözəl bir məruzə etdi

Sonda qeyd edim ki, 1999-cu ildə bu adaya səfərimdən sonra qələmə aldığım yazıda KKTC-ni “Akdenizdə Yaşıl Ada” adlandırmışdım. Aradan ötən illər bu qənaətimi daha da möhkəmləndirib. Bu gün də hesab edirəm ki, Kuzey Kıbrıs Türk Cumhuriyyəti sülhün, azadlığın və milli mübarizənin rəmzidir. İnanıram ki, yaxın gələcəkdə Kuzey Kıbrıs Türk Cumhuriyyəti BMT-də öz bayrağı altında təmsil olunacaq və Türk dünyasının beynəlxalq səviyyədə tanınan növbəti dövləti kimi tarixdə layiqli yerini tutacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.