Kıbrıs türkləri 20 İyul – Sülh və Azadlıq Bayramını qeyd edir
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) Kıbrıs türk xalqını azadlığa və təhlükəsizliyə qovuşduran 20 İyul 1974-cü il Kıbrıs Barış Hərəkatının 52-ci ildönümüdür. Bu münasibətlə qeyd olunan 20 İyul Sülh və Azadlıq Bayramı çərçivəsində ölkə üzrə təntənəli mərasimlər və müxtəlif tədbirlər keçirilir.
Belə ki, Milli Günlərin Qeyd Edilməsi üzrə Mərkəzi Komitənin sədri və Protokol İdarəsinin rəhbəri Asu Muhtaroğlunun açıqladığı proqrama əsasən, bayram tədbirləri iyulun 19-da yerli vaxtla saat 12:00-da Prezident Tufan Erhürmanın BRTK televiziya və radiosu vasitəsilə xalqa müraciəti və 21 dəfə top atəşi ilə başlayıb.
İlk rəsmi mərasim isə saat 18:00-da Boğaz Şəhidliyində keçirilib. Protokola uyğun olaraq şəhidlik önünə əklillər qoyulub, bir dəqiqəlik sükut elan edilib, ehtiram atəşi açılıb və İstiqlal Marşının sədaları altında bayraqlar qaldırılıb. Daha sonra Prezident Tufan Erhürman Xatirə Kitabını imzalayıb.
Boğaz Şəhidliyindəki mərasimdən sonra saat 18:30-da Kıbrıs türk xalqının Azadlıq Mübarizəsinin lideri doktor Fazıl Küçüyün məzarı önündə, saat 19:00-da isə qurucu Prezident Rauf Raif Denktaşın məzarı önündə anım mərasimləri təşkil olunub. Hər iki mərasimdə əklillər qoyulub, İstiqlal Marşı səsləndirilib və Prezident Xatirə Kitabını imzalayıb. Saat 19:30-da isə parlamentin sədri Ziya Öztürkler parlamentin bağında qəbul mərasimi verib.
Bayramın əsas tədbirləri iyulun 20-də keçiriləcək. Gün yerki vaxtla saat 08:00-da Yavuz Çıxarma çimərliyində təşkil olunacaq mərasimlə başlayacaq. Burada dənizə əklillər buraxılacaq, Aydıncıkdan gətirilən bayraq təhvil veriləcək, 21 dəfə top atəşi açılacaq, məşəllər alovlandırılacaq və Lefkoşaya aparılması üçün idmançılara təqdim ediləcək. Eyni vaxtda Lefkoşa Şəhidlər Abidəsi önündə də rəsmi mərasim keçiriləcək.
Saat 17:30-da Lefkoşa Atatürk Abidəsi önündə keçiriləcək mərasimdən sonra əsas rəsmi keçid saat 18:00-da Dr. Fazıl Kiçik Bulvarında başlayacaq. Tədbir çərçivəsində bayraqlar qaldırılacaq, hərbi hissələr yoxlanılacaq, xalqın bayramı təbrik ediləcək, Yavuz Çıxarma çimərliyindən gətirilən bayraq Prezidentə təqdim olunacaq. Daha sonra Prezident Tufan Erhürman və Türkiyə Cümhuriyyəti Prezidentinin nümayəndəsi çıxış edəcək, mərasim hərbi paradla başa çatacaq. Axşam saat 20:30-da Prezident və xanımı Nilden Bektaş Erhürman Prezident Sarayında rəsmi qəbul təşkil edəcəklər.
Bayram münasibətilə Qazimağusa, Girnə, Güzelyurt, İskele, Lefke, Mehmetçik, Akdoğan və Geçitkale başda olmaqla bütün rayon və qəsəbələrdə də mərasimlər keçiriləcək. Tədbirlərdə çıxışlar, şeirlər, xalq rəqsləri, konsert proqramları və hərbi paradlar yer alacaq. Girnədə günün ən diqqətçəkən tədbirlərindən biri Türkiyə Hərbi Hava Qüvvələrinin məşhur akrobatika qrupu SOLOTÜRK-ün saat 18:00-da nümayiş etdirəcəyi aviaşou olacaq.
Bayram tədbirləri çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus TCG I. İnönü sualtı qayığı, TCG Zıpkın hücum kateri və TCG Gökova freqatı ŞKTC limanlarına səfər edəcək. İyulun 20-də bu hərbi gəmilər müəyyən saatlarda ictimaiyyətin ziyarətinə açıq olacaq. Bundan başqa, Qazimağusada Türkiyə və ŞKTC-nin birgə əməkdaşlığı ilə yaradılan Şərqi Aralıq dənizi Gəmi Hərəkətinə Xidmət Mərkəzi və Kıbrıs Türk Sahil Təhlükəsizliyi və Gəmi Xilasetmə Baş İdarəsinin yeni binasının açılışı da keçiriləcək.






İlk şərhi yaza bilərsiniz