BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “İstedadlar Akademiyası” layihəsi çərçivəsində iyulun 19-da növbəti ustad dərsləri keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin ofisində təşkil olunan dərslər musiqi sənətinin iki vacib sahasini — Piano və Nağara ixtisaslarını əhatə edib.
Piano üzrə ustad dərsini Əməkdar artist, tanınmış pianoçu Nargiz Aliyeva və inklüziv təhsil üzrə beynəlxalq dərəcəli mütəxəssis, pianoçu Fəridə Tağıyeva, nağara üzrə ustad dərsini isə Binə qəsəbəsi 24 nömrəli 11 illik musiqi məktəbinin təcrübəli nağara müəllimi Əcbər Ramazanov tədris edib. Müəllimlər ustad dərslərini uğurla keçərək gənc iştirakçıların ifaçılıq bacarıqlarının inkişafına və peşəkar yönümlənməsinə dəyərli töhfələr veriblər.
Tədbirdə çıxış edən “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli (Sadıqova) layihənin gedişatı, gənc istedadların üzə çıxarılması və onlara dəstək olunması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Daha sonra Birliyin məsləhətçi eksperti Yaşar Quliyev çıxış edərək belə layihələrin gənclərin mənəvi və bədii inkişafındakı müstəsna rolunu vurğulayıb.
Tədbirin ən duyğulu və təsirli məqamlarından biri Vətən uğrunda canından keçmiş Şəhid Ağacavad Mütəllimzadənin anası Nailə xanımın çıxışı olub. Nailə xanım gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq layihənin əhəmiyyətini yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlığını bildirib.
Ustad dərsində gənc istedadların ifalarını böyük maraqla dinləyən Əməkdar artist Nərgiz Əliyeva tədbirə gətirdiyi xüsusi hədiyyələri iştirakçılara təqdim etdi və onlara gələcək sənət yollarında yeni uğurlar arzulayıb.
İctimai Birlikdən qeyd edilib ki, “İstedadlar Akademiyası” layihəsi çərçivəsində bundan öncə Bakı şəhəri və Gədəbəy rayonunda Xanəndəlik, Rəsm, Rəqs, Aşıq yaradıcılığı və Qiraətçilik üzrə silsilə ustad dərsləri təşkil olunub.
Layihənin yekunu olaraq 25 iyul tarixində möhtəşəm Yekun Hesabat Konsert Tədbiri keçiriləcək.






İlk şərhi yaza bilərsiniz