BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisi sədrinin müavini, Əməkdar jurnalist Əminə Əhmədovanı 75 illik yubileyi münasibətilə təbrik edib.
Komitədən verilən məlumata görə, təbrikdə deyilir:
“Hörmətli Əminə xanım,
Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, ictimai-yaradıcılıq fəaliyyətinizdə yeni uğurlar diləyirəm! Sizin ömür yolunuz Azərbaycan milli mətbuatına, söz azadlığına, vətəndaş mövqeyinə və milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş bir aydın ömrüdür. 50 ildən artıq bir dönəm içində eyni mətbuat orqanında – “Kür” qəzetində fədakarlıqla çalışaraq, onun uzun illər baş redaktoru kimi fəaliyyət göstərməyiniz peşəyə sədaqətin, jurnalist məsuliyyətinin gözəl örnəklərindəndir. Azərbaycan jurnalistikasının müxtəlif inkişaf mərhələlərinə şahidlik etmiş, müstəqillik dövrünün mürəkkəb sınaqlarından ləyaqətlə çıxmış, milli dövlətçilik ideyalarının, azərbaycançılıq məfkurəsinin və cəmiyyətimizin mənəvi dəyərlərinin təbliğində xidmət göstərmisiniz. Bölgə mətbuatının inkişafı, yerli ictimai fikrin formalaşdırılması və peşəkar jurnalistikanın yaşadılması yönündə gördüyünüz işlər təqdirəlayiqdir”.
Məktubda həmçinin, “Siz çoxillik ictimai fəaliyyətinizlə də seçilirsiniz. Respublika Sevil Qadınlar Məclisinin Yevlax təşkilatına, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Qadınlar Şurasına rəhbərlik etməyiniz, hazırda isə Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisi sədrinin müavini kimi fəaliyyət göstərməyiniz vətəndaş cəmiyyətinin inkişafına, qadınların ictimai fəallığının genişlənməsinə, peşəkar jurnalist həmrəyliyinin möhkəmlənməsinə verdiyiniz töhfələrin göstəricisidir. Vətən müharibəsində canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirən “Zəfər fədailəri” və “Biz Vətən üçün doğulduq” kitablarınız milli yaddaşın qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən mənəvi töhfələrdir. Şəhid ailələrinin yaşantısını, xalqımızın Zəfər sevincini və milli qürurunu sözün gücü ilə gələcək nəsillərə çatdırmaq əsl vətəndaş-aydının missiyasıdır. Əməkdar jurnalist fəxri adına, “Tərəqqi” medalına, Həsən Bəy Zərdabi, Ali Media mükafatı, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı da daxil olmaqla çoxsaylı təltiflərə layiq görülməyiniz Sizin çoxillik xidmətlərinizə verilən yüksək dəyərin ifadəsidir. Bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, milli həmrəyliyin möhkəmləndirilməsi, sağlam informasiya mühitinin qorunması və milli-mənəvi dəyərlərimizin təbliği yönündə təcrübəli jurnalistlərin sözü və mövqeyi xüsusi önəm daşıyır. Əminəm ki, həyat təcrübəniz, sözünüz və aydın mövqeyiniz bundan sonra da Azərbaycan jurnalistikasının, milli mətbuatımızın və vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməyə davam edəcəkdir. Bu əlamətdar yubiley münasibətilə Sizə möhkəm cansağlığı arzulayır, ən xoş diləklərimi yetirirəm!”, – deyə qeyd edilib.






İlk şərhi yaza bilərsiniz