Əli Orucov: ABŞ – İran qarşıdurmasının dərinləşməsi region üçün ciddi təhlükələr yaradır
BAYRAQDAR MEDİA – “ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması regionda və dünyada narahatlığı artırmaqda davam edir. Münaqişənin genişlənməsi qlobal iqtisadiyyata, enerji təhlükəsizliyinə və beynəlxalq ticarətə ciddi təsirlər göstərə bilər”.
Bu fikirləri BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Əli Orucov deyib.
Politoloqun sözlərinə görə, ABŞ–İran müharibəsinin yenidən alovlanması dünya ictimaiyyətini ciddi şəkildə narahat edir. Çünki bu müharibə geniş coğrafiyanı əhatə edərək qlobal proseslərə mənfi təsir göstərir.
O bildirib ki, xüsusilə Hörmüz boğazının bağlanması, ardınca isə Babül-Məndəb boğazında İrana yaxın husilərin tətbiq etdiyi məhdudiyyətlər dünya iqtisadiyyatında ciddi təlatümlər yaradır: “Beynəlxalq dəniz nəqliyyatı marşrutlarının bir hissəsinin bağlanması və ya müharibə zonasına düşməsi böyük iqtisadi, ticarət və siyasi risklər formalaşdırır. Əsas neft və qaz ixracatçısı olan ölkələrin hava zərbələrinə məruz qalması, enerji infrastrukturunun dağıdılması mövcud vəziyyəti daha da ağırlaşdırır. Pakistan, Misir və Qətər kimi dövlətlərin Vaşinqton və Tehran arasında vasitəçilik edərək gərginliyi azaltmaq cəhdləri hələlik nəticə verməyib”.
Politoloq bildirib ki, həmin ölkələr ABŞ və İran arasında 10 günlük atəşkəsə nail olmağa çalışırlar və ilkin açıqlamalara əsasən, Tehran buna müəyyən qədər müsbət yanaşır. Lakin onun fikrincə, ABŞ Prezidenti Donald Trampın belə bir təklifə müsbət cavab verməsi inandırıcı görünmür. Əksinə, daha ağır və dağıdıcı zərbələrin endiriləcəyi ilə bağlı mesajlar verilir.
Əli Orducov vurğulayıb ki, İordaniyadakı ABŞ hərbi bazalarına endirilən zərbələr nəticəsində həlak olan və yaralanan amerikalı hərbçilərin qisasının alınması bombardımanların intensivliyini və miqyasını daha da artırır: “Bəzi məlumatlara görə, Pentaqonun İranın strateji Xark adasına desant qüvvələri çıxarmağa hazırlaşdığı bildirilir. Bu səbəbdən yaxın perspektivdə atəşkəsdən danışmağın hələ tez olduğunu düşünürəm. Hesab edirəm ki, Donald Trampın əsas məqsədi İranı iqtisadi və hərbi baxımdan tam zəiflətmək, təzyiqi maksimum səviyyəyə çatdıraraq Tehranı güzəştə məcbur etməkdir. İranın müqavimət imkanları getdikcə azalır”.
Əli Orducov sonda xəbərdarlıq edib ki, hadisələrin hazırkı inkişafı region ölkələri üçün yeni humanitar problemlər yarada bilər. Onun sözlərinə görə, 90 milyondan çox əhalisi olan İranda mümkün qaçqın axını ilk növbədə Türkiyə və Azərbaycan üçün ciddi sosial-humanitar çağırışlara səbəb ola bilər.






İlk şərhi yaza bilərsiniz