Beynəlxalq Demokratlar Birliyi azərbaycanlı jurnalistləri səhər yeməyində bir araya gətirdi
BAYRAQDAR MEDİA – Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan Bölgə Rəhbərliyi Milli Mətbuat Günü münasibətilə paytaxt Bakıda jurnalistlər üçün səhər yeməyi proqramı təşkil edib.
Tədbirdə Türkiyənin Bakıdakı Səfirliyinin Mətbuat Müşaviri Cihangir İşbilir, UID Azərbaycan Bölgə sədrinin müavini Ramazan Karaşahin, UID Azərbaycan Tanıtım, Media və İnformasiya Texnologiyaları üzrə Bölmə sədri Zekai Arabacı, TRT Azərbaycan Nümayəndəliyinin rəhbəri Sefa Burak Bozyel, Yunus Emre İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, Türkiyə qurum və təşkilatlarının nümayəndələri, UID üzvləri və çoxsaylı jurnalistlər iştirak ediblər.
BAYRAQDAR MEDİA xəbər verir ki, tədbir zamanı Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafında medianın oynadığı mühüm rola diqqət çəkilib, iki ölkə arasında mətbuat və informasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Ramazan Karaşahin çıxışında onu da diqqətə çatdırıb ki, Beynəlxalq Demokratlar Birliyi (UID) 2004-cü ildə Almaniyanın Köln şəhərində yaradılıb: “Bu gün UID dünyanın 32 ölkəsində, 60-dan artıq regional təşkilatı, 300-ə yaxın şöbəsi və 35 minə yaxın üzvü ilə fəaliyyət göstərən ən böyük türk diasporu vətəndaş cəmiyyəti təşkilatlarından biridir. UID türk diasporunun və türk mənşəli icmaların birlik və həmrəyliyini gücləndirməyi, milli və mənəvi dəyərləri yaşatmağı, Türkiyənin və Türk dünyasının beynəlxalq aləmdə düzgün təmsil olunmasına töhfə verməyi qarşıya məqsəd qoyub”.
Bildirilib ki, UID Azərbaycan “Bir millət, iki dövlət” prinsipi əsasında Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində sosial, mədəni, akademik və ictimai diplomatiya sahələrində fəaliyyətini davam etdirir.
O da xüsusi olaraq vurğulanıb ki, UID Azərbaycan ortaq tariximizdən aldığı güclə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq əlaqələrini daha da möhkəmləndirmək, Türk dünyasının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirir.
Tədbirdə, həmçinin jurnalistlərin ictimaiyyətin doğru və qərəzsiz məlumatlandırılmasındakı məsuliyyəti, eləcə də Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdikləri töhfələr yüksək qiymətləndirilib və Milli Mətbuat Günü münasibətilə media nümayəndələri təbrik olunub.
Proqram iştirakçıların səmimi söhbəti və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, tədbirlə bağlı geniş reportajı iyulun 23-də oxuculara təqdim edəcəyik.






İlk şərhi yaza bilərsiniz