BAYRAQDAR MEDİA – “22 İyul – Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasının, söz və fikir azadlığının, peşəkar jurnalistikanın inkişafının və cəmiyyətin maariflənməsində mətbuatın misilsiz rolunun qeyd olunduğu əlamətdar tarix olmaqla yanaşı, milli mətbuat tariximizin zəngin irsinə, maarifçilik ənənələrinə və müstəqil informasiya məkanının inkişafına verilən yüksək dəyərin ifadəsidir. Hələ 22 iyul 1875-ci ildə görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi ilk dəfə Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasını qoyub”.
Bunu BAYRAQDAR MEDİA-ya Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, müasir dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən birinə çevrilib: “Dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyalarına qarşı mübarizədə peşəkar jurnalistikanın rolu daha da artıb. Etibarlı informasiya mənbələrinin mövcudluğu cəmiyyətin sağlam inkişafının, vətəndaşların düzgün məlumatlandırılmasının və ictimai etimadın qorunmasının vacib şərtlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub”.
Onun sözlərinə görə, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya mübarizəsində dövlətin mövqeyinin müdafiəsində və cəmiyyətin operativ məlumatlandırılmasında mühüm rol oynayıb: “Bu dövrdə jurnalistlər böyük məsuliyyət və fədakarlıq göstərərək informasiya cəbhəsində əhəmiyyətli fəaliyyət həyata keçiriblər. Milli mətbuatın inkişafı yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin inkişafı deməkdir. Güclü media demokratik dəyərlərin möhkəmlənməsinə, şəffaflığın təmin olunmasına, ictimai nəzarətin güclənməsinə və vətəndaşların məlumat almaq hüququnun reallaşmasına xidmət edir. Eyni zamanda, media milli-mənəvi dəyərlərin, dilimizin, mədəniyyətimizin və tariximizin gələcək nəsillərə çatdırılmasında mühüm vasitələrdən biridir”.
P.Vəliyeva vurğulayıb ki, milli mətbuatın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu bu gün də uğurla davam edir: “Əminik ki, Azərbaycan mediası bundan sonra da milli maraqların qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, cəmiyyətin düzgün məlumatlandırılmasına və ölkəmizin inkişafına dəyərli töhfələr verməyə davam edəcək”.






İlk şərhi yaza bilərsiniz