Press "Enter" to skip to content

Nadir Azəri: Rusiyada Azərbaycana qarşı təxribatlar artıq sistemli xarakter alır

Nadir Azəri

Son yeniləmə: 27 Avqust 2026

BAYRAQDAR MEDİA – “Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında təxribat törədilməsi və ölkəmiz əleyhinə çirkin kampaniyanın davam etdirilməsi artıq təsadüfi hadisələr kimi qiymətləndirilə bilməz. Son dövrlərdə Rusiyada Azərbaycana qarşı müşahidə olunan təxribat xarakterli addımların, bəzi media resurslarında aparılan qərəzli kampaniyaların, ayrı-ayrı jurnalist və blogerlərin Azərbaycan dövlətinə və xalqına qarşı təhqiramiz davranışlarının eyni siyasi xəttin müxtəlif təzahürləri olduğu qənaəti getdikcə daha da güclənir”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

O, qeyd edib ki, avqustun 27-də Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi son dərəcə ciddi məsələdir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu təxribatı qətiyyətlə pisləməsi və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırması tamamilə haqlı mövqedir: “Lakin hesab edirəm ki, bu hadisəyə yalnız ayrıca bir insident kimi yanaşmaq düzgün olmaz. Çünki son vaxtlar Rusiyada Azərbaycana qarşı ardıcıl şəkildə müxtəlif təxribatların şahidi oluruq. Bütün bunların fonunda çox ciddi sual ortaya çıxır: Azərbaycana qarşı bu kampaniya kimlərin maraqlarına xidmət edir? Mən hesab edirəm ki, burada Kremlin siyasi dairələrinə yaxın müəyyən şəxslərin və dairələrin Azərbaycana qarşı məqsədyönlü münasibətinin əlamətləri açıq şəkildə görünür. Azərbaycanı müxtəlif vasitələrlə təzyiq altında saxlamaq, cəmiyyətdə narahatlıq yaratmaq və ölkəmizə qarşı informasiya təzyiqini gücləndirmək cəhdləri müşahidə olunur”.

Siyasi şərhçi deyib ki, bütün bu cəhdlər əbəsdir: “Rusiya tərəfi bir şeyi çox aydın bilməlidir: Azərbaycan hədə dili ilə danışılan ölkə deyil. Azərbaycanla təzyiq, şantaj, hədə-qorxu və təhqir dili ilə danışmağa cəhd göstərmək heç vaxt nəticə verməyəcək. Azərbaycan öz milli maraqlarını, dövlətçilik prinsiplərini və suverenliyini müdafiə etmək gücündədir. Düşünürəm ki, Rusiya özünün digər qonşu ölkələrlə münasibətlərində yol verdiyi səhvlərdən ciddi nəticələr çıxarmalıdır. Çünki təzyiq və şantaj üzərində qurulan siyasətin hansı nəticələrə gətirib çıxardığını artıq ətrafımızda görmüşük. Eyni yanaşmanı Azərbaycana tətbiq etmək cəhdi də Rusiyanın özünə qarşı işləyəcək. Bu cür təxribatların ən böyük zərəri Azərbaycana deyil, məhz Rusiyanın Azərbaycandakı mövqelərinə dəyir. Hər yeni təxribat Rusiyanın ölkəmizdəki nüfuzunu, çəkisini və etimadını daha da azaldır. Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal inkişafında maraqlı olan hər kəs bunu görməlidir”.

“Azərbaycan dövləti və xalqı heç bir təzyiq qarşısında geri çəkilməyəcək. Rusiya Azərbaycanla münasibətlərini qorumaq istəyirsə, ilk növbədə bu cür təxribatların qarşısını almalı, Azərbaycana qarşı aparılan qərəzli kampaniyalara son qoymalı və dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət prinsipinə əməl etməlidir. Əks halda, Azərbaycana qarşı atılan hər bir yeni addım Rusiyanın ölkəmizdəki mövqelərinin daha da zəifləməsinə və illər ərzində formalaşmış münasibətlərə ciddi zərər vurmasına səbəb olacaq. Azərbaycanla hədə, təzyiq, şantaj və təhqir dili ilə danışmağın bədəli ağırdır və Rusiya bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır”, – deyə N.Azəri sonda əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.