BAYRAQDAR MEDİA –“Türkiyə və Azərbaycanda Türk mədəniyyətinin ən qədim izlərinin müəyyənləşdirilməsi” layihəsi Samsunda keçirilən təqdimat seminarı ilə başlayıb. Layihə Türkiyənin Ondokuz Mayıs Universitetinin rəhbərliyi, TÜBİTAK və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlığı ilə həyata keçirilir.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, təxminən iki il davam edəcək layihədə Türkiyə və Azərbaycanda aparılacaq ədəbiyyat və sahə araşdırmaları əsasında ən qədim türk izlərinin müqayisəli şəkildə öyrənilməsi nəzərdə tutulur. Layihəyə Ondokuz Mayıs Universitetindən Prof. Dr. İbrahim Tellioğlu rəhbərlik edir, Prof. Dr. Muhammet Bahadır və dosent Dr. Okay Pekşen, Atatürk Universitetindən Prof. Dr. Yasin Topaloğlu, Azərbaycan Milli Elmlər Akademiyasından isə dosent Dr. İradə Məmmədova və dosent Dr. Aynur İbrahimova tədqiqatçı kimi cəlb olunublar.
Rektor müavini Prof. Dr. Çetin Kurnaz Türkiyə ilə Azərbaycan arasındakı tarixi və mədəni bağların elmi araşdırmalarla ortaya çıxarılmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
Layihə rəhbəri Prof. Dr. İbrahim Tellioğlu bu sahədəki mövcud tədqiqatları bir araya gətirərək iki ölkənin ən qədim türk izlərini müqayisəli şəkildə araşdıracaqlarını və bunun mühüm akademik boşluğu dolduracağını deyib. Türkiyədə Ordu, Rizə, Artvin, Kars, Ərzurum, Ərzincan və Ankara vilayətlərində sahə araşdırmaları aparılacaq, gələn il isə oxşar tədqiqatların Azərbaycanda keçirilməsi planlaşdırılır. Tədqiqat çərçivəsində coğrafi mühitin mədəni irsin formalaşmasına təsiri, qədim türk izləri və iki ölkə arasındakı ortaq mədəni xüsusiyyətlər müqayisəli şəkildə araşdırılacaq.
Layihənin Türkiyə və Azərbaycan arasındakı mədəni birliyin tarixi əsaslarının ortaya qoyulmasına, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni akademik və elmi əməkdaşlıqlara nümunə olmasına töhfə verməsi gözlənilir.






İlk şərhi yaza bilərsiniz