BAYRAQDAR MEDİA – Avqustun 30-da qardaş ölkə-Kuzey Kıbrıs Türk Cümhuriyyətində faciə baş verib. Girnə–Taşucu marşrutu üzrə hərəkət edən sərnişin gəmisi Girnə sahillərində dəniz qəzasına uğrayıb.
Artıq KKTC Nazirlər Kabineti faciə nəticəsində insan tələfatı ilə əlaqədar KKTC-də 3 günlük milli matəm elan edib.
Bu barədə haberkibris.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 31 avqust 2026-cı ildən 2 sentyabr gününün gün batımına qədər ölkədə milli matəm rejimi qüvvədə olacaq.
Son məlumatlara görə, gəmidə ümumilikdə 267 sərnişin olub. Avqustun 30-ü axşam 21:00-dək 249 nəfərin yeri müəyyən edilib, onlardan 241-i sağ xilas edilib, 8 nəfər isə həyatını itirib. İtkin düşən 18 nəfərin axtarışları fasiləsiz davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatlarına Türkiyədən 3 təyyarə, 4 PUA, 6 helikopter, 4 Sahil Mühafizə qayığı, 1 hücum kateri, 1 freqat və 1 patrul gəmisi cəlb olunub.
KKTC tərəfindən isə 4 Sahil Mühafizə qayığı, 2 helikopter, 1 hücum kateri və 1 patrul gəmisi ilə yanaşı, Mülki Müdafiə və Polis əməkdaşları əməliyyatlara qatılıb.
Axtarış-xilasetmə işləri gecə boyunca da fasiləsiz davam etdirilib. Xüsusi gecəgörmə imkanlarına malik 4 gəmi və 2 helikopter itkin düşən 18 nəfərin tapılması üçün bölgədə axtarış aparıb.
Türkiyədən göndərilən PUA-lar da 24 saatlıq rejimdə axtarış-xilasetmə fəaliyyətlərinə dəstək verməyə davam edib.






İlk şərhi yaza bilərsiniz