Press "Enter" to skip to content

Azərbaycanın əldə etdiyi uğurlar yalnız hərbi və siyasi nəticələrlə məhdudlaşmır

Nadir Azəri

Nadir Azəri: Bu uğurların arxasında həm də sülhə və sabitliyə əsaslanan dövlət siyasəti dayanır

BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycan öz inkişafına görə nəinki regionun lider dövlətidir, eyni zamanda regionun və ümumilikdə qlobal məkanın gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında da mühüm rol oynayır. Azərbaycanın bu gün ortaya qoyduğu siyasi və iqtisadi nəticələr, beynəlxalq müstəvidə qazandığı mövqe, müxtəlif güc mərkəzləri ilə münasibətlərində nümayiş etdirdiyi müstəqil siyasət, heç şübhəsiz, təsadüfi deyil”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

O, qeyd edib ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, ardıcıl və prinsipial siyasət yeni dünya düzəninin formalaşdığı bir dövrdə ölkəmizin mövqeyini əhəmiyyətli şəkildə gücləndirib: “Prezident İlham Əliyevin nüfuzu, siyasi iradəsi və strateji addımları Azərbaycanın artıq “orta güc dövləti” kimi qəbul olunan ölkələr sırasında öz mövqeyini möhkəmləndirməsinə imkan yaradıb. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu, Azərbaycanın qarşısında tamamilə yeni imkanlar açmaqla yanaşı, regionda yeni reallıqların formalaşmasına da gətirib çıxarıb”.

N.Azəri deyib ki, burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi uğurlar yalnız hərbi və siyasi nəticələrlə məhdudlaşmır: “Bu uğurların arxasında həm də sülhə və sabitliyə əsaslanan dövlət siyasəti dayanır. Məsələn, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan qalib tərəf olmasına baxmayaraq, məhz sülh və sabitlik gündəliyi ilə çıxış etdi. Azərbaycan yaratdığı yeni reallıqlardan regionda davamlı sülhün və əməkdaşlığın təmin olunması üçün istifadə etməyə çalışdı. Təsadüfi deyil ki, bu siyasət beynəlxalq güc mərkəzləri, xüsusilə də Birləşmiş Ştatlar tərəfindən dəstəkləndi. Bunun ən mühüm nəticələrindən biri də ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması oldu”.

Bildirilib ki, Vaşinqton görüşündə əldə olunan nəticə, əslində, Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin beynəlxalq səviyyədə dəstəklənməsinin göstəricisidir: “Bu, yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından əhəmiyyətli hadisə deyil. Eyni zamanda Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması, regionda kommunikasiyaların açılması və daha geniş coğrafiyada əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də avqustun 8-də Vaşinqtonda əldə olunan nəticəyə yalnız bir sülh sənədinin paraflanması kimi yanaşmaq düzgün olmazdı. Bu hadisə Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin, yaratdığı yeni reallıqların və irəli sürdüyü sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin mühüm göstəricisidir. Bu baxımdan, Azərbaycanın bugünkü mövqeyi də təsadüfi deyil. Ərazi bütövlüyünün və suverenliyin bərpasından tutmuş regionda sülh gündəliyinin formalaşdırılmasına qədər atılan addımlar Azərbaycanın yeni dünya düzənində daha mühüm aktora çevrildiyini göstərir. Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı isə bu prosesin əsas müəyyənedici amillərindən biridir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.