Press "Enter" to skip to content

Qəhvəyi mərmər bağacığına qarşı mübarizəyə həsr olunmuş müşavirə

Qəhvəyi mərmər bağacığına qarşı mübarizəyə həsr olunmuş müşavirə

BAYRAQDAR MEDİA – Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüşün əsas məqsədi zərərvericiyə qarşı bölgədə, xüsusən də Qazax, Tovuz və Ağstafa rayonlarında görülmüş işlərin təhlili və qarşıda duran vəzifələrin müzakirə edilməsidir. Tədbirdə KTN yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), həmçinin adıçəkilən rayonların icra hakimiyyətlərinin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Diqqətə çatdırılıb ki, cari ildə zərərvericiyə qarşı bioloji mübarizə tədbirləri tətbiq olunaraq Samuray arısının (Trissolcus japonicus) sahələrə buraxılmasına başlanılıb. Növbəti ildə bu ekoloji mübarizə üsulunun miqyasının genişləndirilməsi planlaşdırılır. Bu məqsədlə hazırda AXA-nın Göygöl Entomofaqların İstehsalı Laboratoriyasında Samuray arısının yetişdirilməsi prosesi uğurla davam etdirilir. Həmçinin zərərvericinin yayılma arealını və populyasiya dinamikasını izləmək üçün feromon tələlərin tətbiqi ilə aparılan monitorinqlərin əhəmiyyəti xüsusi vurğulanıb”.

Daha sonra xəbərdə, “görüşdə cari ilin statistik göstəriciləri də açıqlanıb. Bildirilib ki, il ərzində AXA tərəfindən ölkənin 51 rayonunda ümumilikdə 17 min 748 ədəd feromon tələ quraşdırılıb. Kütləvi aşkarlanma qeydə alınan 3 min 303 ərazidə zəruri kimyəvi mübarizə tədbirləri icra olunub, eyni zamanda, 20 mindən çox vətəndaşa zərərvericiyə qarşı mübarizə yolları barədə maarifləndirici məlumatlar çatdırılıb. İclasın yekununda aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması, mövcud ocaqlarda mübarizənin gücləndirilməsi, birgə monitorinqlərin təşkili və zərərvericinin yeni ərazilərə yayılma risklərinin qarşısının alınması üçün birgə fəaliyyətin davam etdirilməsinə dair müvafiq qərarlar qəbul edilib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.