Press "Enter" to skip to content

Almatıda “Zamanın nəfəsi xalq sənətində” sərgisi

Almatıda “Zamanın nəfəsi xalq sənətində” sərgisi

BAYRAQDAR MEDİA – Sentyabrın 4-də Almatı şəhərində fəaliyyət göstərən Qazaxıstan Milli Mərkəzi Muzeyində (QMMM) görkəmli alim, xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılacaq. Azərbaycan Milli Xalça Muzeyinin (AMXM) kolleksiyası əsasında hazırlanmış ekspozisiyada XIX–XX əsrlərə aid sənət nümunələri təqdim olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMXM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “sərgi Azərbaycan və Qazaxıstan mədəniyyət nazirlikləri, Türk Mədəniyyəti və İrsi Fondu, AMXM və QMMM-in təşkilatçılığı ilə keçiriləcək. Sərginin əsas hissəsini Azərbaycan xalqının zəngin milli irsinin regional xüsusiyyətlərini və bədii müxtəlifliyini əks etdirən Quba, Bakı, Şirvan, Qarabağ, Qazax və Gəncə xalçaları təşkil edəcək. Ekspozisiyada “Pirəbədil”, “Qabıstan”, “Suraxanı”, “Faxralı”, “Salahlı”, “Xanlıq” və “Mir” xovlu xalçaları, həmçinin kilim, şəddə, vərni və zili kimi xovsuz xalçalar yer alacaq. Ekspozisiyanın xüsusi bölməsində AMXM-in banisi L.Kərimovun müəllifi olduğu eskizlər, eləcə də “İkinci bahar” və “Xətai” xalçaları təqdim ediləcək”.

Daha sonra xəbərdə, “xalça sənətinin müxtəlif istiqamətlərini nümayiş etdirən sərgidə məfrəş, xurcun, çul kimi xalça məmulatları, eyni zamanda, bədii tikmə, zərgərlik və bədii metal nümunələri, milli qadın geyimləri də yer alacaq. “Zamanın nəfəsi xalq sənətində” sərgisi Azərbaycanın zəngin mədəni irsi, xalq sənətinin çoxəsrlik ənənələri və tarixi inkişafı haqqında ziyarətçilərdə dolğun təsəvvür formalaşdıracaq. Sərgi çərçivəsində L.Kərimovun 120 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunacaq. Sərgi oktyabrın 4-dək davam edəcək” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.