BAYRAQDAR MEDİA – Kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “DİN vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməyə, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamağa, tanımadıqları keçidlərə daxil olmamağa, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməməyə çağırıb. Unutmaq olmaz ki, dövlət qurumları vətəndaşlardan zəng, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə bank kartlarının məxfi məlumatlarını, CVV/CVC və OTP kodlarını tələb etmir. Bu məlumatların kənar şəxslərə ötürülməsi bank hesablarındakı pul vəsaitlərinin oğurlanması ilə nəticələnə bilər”.
Qeyd edək ki, vətəndaşlar kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdıqları zaman “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.






İlk şərhi yaza bilərsiniz