BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən edilərək saxlanılıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəkləri barədə vətəndaşlarda həqiqətə uyğun olmayan təsəvvür yaradaraq MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar. Daha sonra həmin saxta sənədləri 1 min – 9 min manat arasında dəyişən məbləğlər müqabilində vətəndaşlara təqdim edərək onların pul vəsaitlərini ələ keçiriblər. Tədbirlər zamanı Ş.Mirzəyevanın yaşadığı mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 ədəd saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb”.
Ardınca xəbərdə, “faktlarla bağlı KMBİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. G.Lətifova və Ş.Mirzəyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşların müəyyən edilməsi, dəymiş maddi ziyanın ümumi məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir” deyə bildirilir.
DİN və MİDA vətəndaşlara müraciət edərək bildirib ki, güzəştli mənzillərin əldə edilməsi ilə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etsinlər, növbədənkənar mənzil satışı, eləcə də prosesə kənar müdaxilə etməklə üstünlük yaradılması barədə vədlərə inanmasınlar. Vətəndaşlara bu kimi şübhəli təkliflərlə qarşılaşdıqları halda dərhal polisə məlumat vermələri tövsiyə olunub.






İlk şərhi yaza bilərsiniz