BAYRAQDAR MEDİA – Günün xəbəri belə oldu: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədi ilə TƏBİB tabeliyində işləyən tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib”.
Belə baxanda adi xəbər kimi görünə bilər. Çünki Azərbaycanda əməkhaqqının artırılması ilk dəfə deyil. Hələ konkret bir sahəyə aid artım da ilk dəfə deyil. Amma bu dəfə məsələ tamam fərqlidir. Özü də fərqli rəqəmlərlə ifadə edilir. Elə rəqəmlərlə ki, artıq bu qədər əməkhaqqı alan tibb işçiləri heç nədən şikayət etməsin gərək…
Həkimə hər birimizin işi düşür. Bir çox tibbi xidmətlər dövlət hesabınadır. Artıq xeyli müddətdir səhiyyə sığorta sistemi də tətbiq edilir. Ciddi maliyyə tələb edən ağır əməliyyatlar belə sığorta ilə gerçəkləşdirildiyi üçün xəstələr çox ağır yükdən azad olur…
Lakin…
Lakin bir problem qalırdı ki, onu da həll etmək lazım idi…
Yəqin bəzən dövlət tibb müəssisələrində bizə lazım olan həkimi tapmaqda çətinlik çəkənlərimiz nə demək istədiyimi başa düşür. Şəxsən öz başıma da gəlib, lazım olan həkimi tapmaq müşkül olub. Soruşanda da deyiblər ki, həkim özəl xəstəxanada da işləyir, burada işini bitirib o biri işinə gedib…
Yaxud da Azərbaycanın ən sayılıb-seçilən, bacarıqlı həkimlərinin Avropaya, ABŞ-yə və başqa ölkələrə axını haqqında da az eşitməmişik. Soruşanda ilk şikayətləri əməkhaqqından olur. Örnək üçün, Azərbaycanda min 5 yüz – 2 min manat maaşa işləməli olan peşəkar həkim Almaniyada ən pis halda 10 min avro maaşa rahatca işləyə bilir. Hələ daha artıq maaşdan, əlavə imtiyazlardan danışmırıq. Ona görə də həkimlərin xaricə axını hətta xəstələr tərəfindən də anlayışla qarşılanır.
Əslinə qalanda heç bir həkim, yaxud da başqa vətəndaş evini-eşiyini, qohum-qardaşını atıb xaricə köçmək, yurd həsrəti çəkmək istəməz. Amma “ehtiyac qul eyləyər qəhrəmanı da” deyiblər axı…
Bir sözlə, Azərbaycandan getməyə məcbur olan həkimlərin çoxu vicdanlı və peşəkar, işinə sadiq insanlardır. Lakin qazancları onları qane etmədiyi üçün başqa yerdə daha gəlirli iş axtarmağa məcbur olurlar…
Yuxarıda hörmətli Mehriban xanımın təşəbbüsü haqqında xəbərdən danışdıq. Çox yerində irəli sürülmüş, hətta deyərdim Azərbaycan səhiyyə sisteminə əlavə nəfəs verəcək bir təşəbbüsdür!
Onu da qeyd edək ki, bu, sıradan bir artım deyil. Artıq bu ilin 1 sentyabrından qüvvəyə minən artımla bəzi tibb işçiləri hazırda aldıqları əməkhaqqının 135(!) faizi qədər artım alacaqlar! Çox ciddi rəqəm – artım deyilmi?
Bu artımı bir az lori dildə belə izah edə bilərik: deyək ki, hansısa tibb işçisi bu günə qədər ayda 2 min manat əməkhaqqı alırdı. Onun mənsub olduğu kateqoriyaya aid olan artımla artıq 4 min 700 manat əməkhaqqı alacaq! Nəzərəçarpacaq, hətta çox ciddi bir artımdır!
Düzdür, bütün tibb işçilərinin əməkhaqqı 135 faiz artmır. Lakin digər artımlar da yetərincə nəzərəçarpacaqdır! Bu artımlar bəzən 50 faiz, bəzən də 80 faiz kimi rəqəmlərlə ifadə edilir!
Hələ bu bir yana, əməkhaqqı artımları 72 min 212 tibb işçisini əhatə edəcək! Bu isə elə ən azından 72 min ailə deməkdir! 72 min ailənin hər birində də orta hesabla 4 nəfər varsa, artımın az qala 300 min vətəndaşı əhatə edəcəyi bəllidir!
Yəni Birinci vitse-prezidentin bu humanist təşəbbüsü bir qələmlə 300 min ailənin ciddi maddi məsələsini həll etmiş olur!
Sondurmu? Təbii ki, deyil.
Ümumiyyətlə hörmətli Mehriban xanımın belə humanist təşəbbüsləri ilk olmadığı kimi son da olan deyil. O, özünün ictimai-siyasi fəaliyyətində həmişə həssaslığı ilə seçilib, bu dəfə də eyni həssaslığı nümayiş etdirir.
Sözügedən təşəbbüs ölkədən peşəkar həkim axınını ciddi şəkildə dayandırmağa xidmət edəcək. Bu isə həkim xidmətinə ehtiyacı olan vətəndaşlarımızın daha ixtisaslı xidmət almasına səbəb olacaq.
Demək istədiyim odur ki, tibb işçilərinin əməkhaqqının belə artımı sadəcə 300 min nəfərin deyil, milyonlarla vətəndaşın maraq və mənafelərinə birbaşa xidmət edir!
Sadəcə alqış deyir, dəyərli həkimlərimizdən də bu yüksək diqqəti, qayğını, etimadı doğrultmağı gözləyirik.






İlk şərhi yaza bilərsiniz